ABŞ-da Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb

ABŞ-da Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb
Energetika
14 Sentyabr , 2018 15:33
ABŞ-da Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Sentyabrın 11-dən 13-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti ABŞ-ın paytaxtı Vaşinqton şəhərində işgüzar səfərdə olublar.

SOCAR-dan “Report”a verilən məlumata görə, səfər zamanı nümayəndə heyətinin rəhbəri, sərmayələr və marketinq üzrə vitse-prezidentin müavini V.Bəylərbəyov ABŞ-ın müvafiq dövlət rəsmiləri və aparıcı transmilli şirkətlərinin təmsilçiləri ilə ikitərəfli görüşlər keçirib, Atlantik Şurasında “Cənub Qaz Dəhlizi və Avropanın təbii qaz təchizatı” mövzusunda keçirilmiş müzakirələrdə çıxış edib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasında beynəlxalq iqtisadiyyat (enerji və iqlim) üzrə baş direktor Uels Qriffit, ABŞ enerji katibinin köməkçisi D.Vaynberq, ABŞ Dövlət Departamentində dövlət katibinin köməkçisinin və enerji resursları bürosunun rəhbərinin müavini S.Oudkirk, Texas ştatından Respublikaçı konqresmen C.Barton ilə görüşlərdə iki ölkə arasında enerji əməkdaşlığının strateji səviyyəsi, SOCAR tərəfindən həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin (CQD) Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu, enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsinə verdiyi töhfədən söhbət açılıb. CQD və onun ayrı-ayrı komponentlərinin icrasına ABŞ tərəfindən göstərilən davamlı siyasi dəstəyin Prezident Donald Tramp tərəfindən Prezident İlham Əliyevə Cənub Qaz Dəhlizinin açılışı və “Xəzər neft-qaz 2018” konfrans və sərgisi münasibətilə göndərilən məktublarda da öz əksini tapdığı qeyd olunub.

Sentyabrın 12-də Azərbaycanın ABŞ-dakı səfirliyində CQD layihəsinin iştirakçı ölkələrin və ABŞ dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Cənub Qaz Dəhlizinə həsr olunmuş dəyirmi masa tədbiri keçirilib. Tədbirdə CQD və onun tərkib hissəsi olan TAP layihəsinin Avropanın, Balkanların enerji təchizatına, eləcə də qitənin dekarbonizasiyasına töhfə verəcəyi xüsusi vurğulanıb. V.Bəylərbəyov qeyd edib ki, TAP həmçinin gələcəkdə dəhlizin ötürücülük gücünün iki dəfəyədək artırılması hesabına Mərkəzi və Qərbi Avropaya qədər genişləndirilmiş və şaxələndirilmiş enerji təhlükəsizliyi sisteminin formalaşmasında əhəmiyyətli rola malik olacaq.