4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

Energetika
  • 23 yanvar, 2026
  • 12:24
4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Davosda Dünya İqtisadi Forumunun 56-cı illik toplantısı çərçivəsində "Texnoloji transformasiya vasitəsilə enerji keçidinin sürətləndirilməsi: Süni intellekt əsaslı sənaye" mövzusunda panel sessiya təşkil edib.

"Report" 4SİM-ə istinadən xəbər verir ki, Mərkəzin icraçı direktoru Fariz Cəfərovun moderatorluğu ilə keçən panel sessiyada sənaye və enerji sektorlarında süni intellekt, rəqəmsal texnologiyalar və Sənaye 4.0 həllərinin tətbiqi yolu ilə karbonsuzlaşmanın sürətləndirilməsi, əməliyyat səmərəliliyinin artırılması və dayanıqlı inkişafın təmin edilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə karbonsuzlaşması texnoloji və iqtisadi baxımdan mürəkkəb olan sektorlar üçün Sənaye 4.0-a keçidin strateji əhəmiyyəti diqqət mərkəzində olub.

SOCAR-ın rəqəmsallaşma üzrə baş inzibatçısı Murad Abdullayev SOCAR-ın əməliyyatlarda enerji səmərəliliyinin artırılması, istehsalın etibarlılığının və təhlükəsizliyinin yüksəldilməsinə önəm verdiyini, bu məqsədlə tətbiq olunan rəqəmsal həllər barədə məlumat verib. İstehsalat sistemləri ilə informasiya texnologiyalarının səmərəli əlaqələndirilməsinin dəqiq və operativ qərarların qəbuluna imkan yaratdığı bildirilib.

Dünya İqtisadi Forumunun Müasir Texnologiyalar və İnnovasiyalar Mərkəzinin Strateji təsir üzrə rəhbəri Manju George dayanıqlı enerji keçidinin təmin olunmasında dövlət-özəl sektor əməkdaşlığının, qlobal platformalarla tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Rəqəmsal sənaye ekosistemlərinin formalaşdırılmasının inklüziv transformasiya üçün əsas şərt olduğunu qeyd edib.

"McKinsey & Company" şirkətinin Şimali Avropa regionu üzrə idarəedici tərəfdaşı Jukka Maksimainen sənayedə enerji keçidində qlobal təcrübəyə əsaslanaraq texnologiyanın tətbiqi ilə yanaşı insan kapitalının inkişafına diqqət çəkib. Aşağı karbonlu və rəqəmsal əsaslı sənaye modellərinə keçid üçün sistemli və mərhələli yanaşmaların vacibliyi barədə məlumat verib.

"Honeywell" şirkətinin Qlobal regionlar üzrə prezidenti və Baş icraçı direktoru Anant Maheşaverinin xərclərin optimallaşdırılması, emissiyaların azaldılması baxımından süni intellekt əsaslı sənaye həllərinin önəmini nəzərə çatdırıb. Nəticələrə əsaslanan qərarların uğurlu transformasiyasında rolunu qeyd edib.

Sessiyanın sonunda Fariz Cəfərov sənaye və enerji sektorlarında süni intellekt və rəqəmsal texnologiyaların tətbiqinin Azərbaycanın milli rəqəmsal iqtisadiyyat və enerji keçidi gündəliyi ilə uzlaşdığını vurğulayıb, bu istiqamətdə beynəlxalq əməkdaşlıqların genişləndirilməsinin və qabaqcıl qlobal təcrübələrin ölkəmizdə tətbiqinin uzunmüddətli dayanıqlı inkişaf üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti