Azərbaycan “Premium Euro-95” markalı benzinin idxalını təxminən 50 % artırıb

Energetika
  • 22 may, 2024
  • 09:20
Azərbaycan “Premium Euro-95” markalı benzinin idxalını təxminən 50 % artırıb

Bu ilin birinci rübündə Azərbaycan 18 min 563,09 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48,1 % çoxdur.

Hesabat dövründə idxal olunan “Premium Euro-95” markalı benzinin dəyəri 18 milyon 017,66 min ABŞ dolları (55,1 % çox) təşkil edib.

İdxalın strukturunda bütün tədarükün 62,7 %-i və ya 11 min 645,48 tonu (9,3 % çox) 10 milyon 848,36 min ABŞ dolları (12,1 % çox) Rusiyadan təmin edilib.

Tədarüklərin qalan hissəsi bu ölkələrin payına düşüb: Yunanıstan - 1 milyon 133,37 min ABŞ dolları (1 min 111,14 ton), Bolqarıstan - 1 milyon 455,63 min ABŞ dolları (1 min 288,34 ton), Rumıniya - 1 milyon 743,2 min ABŞ dolları (1 min 645,35 min ton), Birləşmiş Ərəb Əmirlikləri - 697,45 min ABŞ dolları (782,77 ton), Belarus - 2 milyon 139,66 min ABŞ dolları (2 min 090 ton).

Statistikaya görə, 2024-cü ilin yanvar-mart aylarında “Super Euro-98” markalı benzinin Azərbaycana idxalı cəmi 375,17 ton (34 % az), 459,95 min ABŞ dolları (34 % az) təşkil edib. Bütün tədarük həcmi Rumıniyanın payına düşüb.

Xatırladaq ki, “Premium Euro-95” və “Super Euro-98” markalı avtomobil benzinlərinin Azərbaycana idxalı 2014-cü il aprelin 1-dən başlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti