2020-ci ildən “Ümid” yatağında ikinci özülün tikintisinə başlanılması planlaşdırılır

2020-ci ildən “Ümid” yatağında ikinci özülün tikintisinə başlanılması planlaşdırılır "Babək" strukturunda 1 kəşfiyyat hasilat quyusunun qazılaraq 2020-ci ildə istismara verilməsi planlaşdırılıb
Energetika
937
22 Sentyabr , 2017 14:08
2020-ci ildən “Ümid” yatağında ikinci özülün tikintisinə başlanılması planlaşdırılır

Bakı. 22 sentyabr. REPORT.AZ/ Artıq 2020-ci ildən Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” qaz-kondensat yatağında 2 saylı stasionar dəniz özülünün tikintisinə başlanılması planlaşdırılır.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov “İki sahil" qəzetinin Neftçilər gününə həsr olunan xüsusi buraxılışında bildirib:

“2021-ci ildə kəşfiyyat quyusu kimi VIII horizonta layihələndirilən və VII horizontdan gündəlik gözlənilən qaz hasilatı 1 200 min kubmetr, kondensat hasilatı 200 ton olan U2-1 saylı quyunun qazılaraq istismara verilməsi gözlənilir”. SOCAR-ın vitse-prezidenti qeyd edib ki, yatağın tammiqyaslı işlənməsi layihəsi çərçivəsində həmçinin üçüncü özülün tikintisi və əlavə quyuların qazılması nəzərdə tutulub.

O, eyni zamanda əlavə edib ki, 2018 və 2019-cu illərdə mövcud platformadan (1 saylı) qazılacaq 2 quyunun hər birindən gündəlik 1 200 min kubmetr qaz və 200 ton kondensat hasil olunması gözlənilir.

“İşlənmənin ilkin mərhələsində olan yataqdan indiyədək (2012-cı ildən) 1,5 mlrd. kubmetrə qədər qaz və 237,4 min tonadək kondensat hasil edilib”.

Y. Lətifov “Babək” perspektiv strukturu barədə də məlumat verərək qeyd edib ki, “Dədə Qorqud” üzən qazma qurğusu vasitəsilə 6500 m dərinlikdə VII horizonta 1 kəşfiyyat hasilat quyusunun qazılaraq 2020-ci ildə istismara verilməsi planlaşdırılıb. Onun sözlərinə görə, ilk sualtı quyudan hasil ediləcək məhsulun “Ümid” yatağında inşa ediləcək mərkəzi stasionar dəniz özülünə nəql olunması nəzərdə tutulur.

Qeyd edək ki, "Ümid" yatağı Bakıdan 75 km cənuba, qurudan isə 40 km məsafədə yerləşir. Yataq 2010-cu ildə kəşf edilib. Bu, SOCAR-ın bilavasitə kəşf etdiyi ilk yataq olub. İlkin hesablamalara görə, yatağın ümumi ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir.

Bu il yanvarın 12-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi və “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağı və “Babək” perspektiv strukturunun daxil olduğu blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanıb. Müqavilə mayın 2-də isə Milli Məclisdə təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi