Yuxarı

Respublika fənn olimpiadaları qalibləri mükafatlandırılıb

Respublika fənn olimpiadaları qalibləri mükafatlandırılıb
Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub
© Report.az

Bakı. 25 may. REPORT.AZ/ Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Milli Məclisin deputatları, təhsil müəssisələrinin rəhbərləri, ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri iştirak ediblər.

Təhsil Nazirliyinin şöbə müdiri, Təhsil İnstitutunun direktoru Emin Əmrullayev Respublika fənn olimpiadaları qaliblərinin ali məktəblərə qəbul göstəriciləri ilə bağlı təqdimatla çıxış edib.

Daha sonra olimpiada qalibi Eldar Əfəndiyev bu bilik yarışına hazırlaşmasından danışıb.

Təhsil nazirinin müavini Ceyhun Bayramov Respublika fənn olimpiadalarının keçirilməsinin istedadlı uşaqların vaxtında müəyyən olunması, onlarla işin düzgün qurulması, ölkənin dayanıqlı inkişafına və işıqlı gələcəyinə xidmət etdiyini vurğulayıb.

Təhsil Nazirliyinin nəzərdə tutulmuş hədəflərə nail olmaq üçün həyata keçirdiyi yenilikləri diqqətə çatdıran C.Bayramov istedadlı uşaqlarla bağlı görülən işləri, Respublika fənn olimpiadalarının keçirilməsini və beynəlxalq fənn olimpiadalarında qazanılan uğurları buna misal olaraq göstərib.

2014-cü illə müqayisədə bu il iştirakçı sayının 6 dəfə artdığını deyən nazir müavini fənn olimpiadalarının Azərbaycanın hər bir bölgəsini əhatə etdiyini vurğulayıb.

Qeyd olunub ki, son 4 il ərzində məktəblilərin 1 qızıl, 11 gümüş, 54 bürünc olmaqla 66 medal qazanıblar.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsində 30 000 nəfərə yaxın şagird iştirak edib. Bu il Naxçıvan Muxtar Respublikasından şagirdlər də daxil olmaqla IX-XI və xüsusi istedada malik aşağı sinif şagirdlərinin iştirak etdiyi olimpiadada 8 fənn üzrə 263 qalib müəyyən edilib. 48 nəfər şagird qızıl, 85 nəfər gümüş, 130 nəfər isə bürünc medala layiq görülüb.

Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi