Yuxarı

Təhsil Nazirliyi: Ötən tədris ilində 827 mindən artıq dərslik yararsız hala düşüb - EKSKLÜZİV

Ötən tədris ilində 800 mindən artıq dərslik yararsız hala düşüb

Ötən tədris ilində Azərbaycanın orta məktəblərində istifadə olunan və yararsız vəziyyətə düşən dərsliklərin sayı açıqlanıb.  

"Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, 2018/2019-cu tədris ilinin sonunda 827548 dərslik yararsız hala düşüb.

Qeyd olunub ki, dərsliklərin şagirdlərdən geri yığılması hər tədris ilinin sonunda həyata keçirilir: "İstifadəyə yararsız dərsliklərin sayı müəyyənləşdirilir, aktlaşdırılır və onlar tədrisdən çıxarılaraq yeniləri ilə əvəz edilir. Təcrübə göstərir ki, hər tədris ili yararsız hala düşən dərsliklərin orta sayı istifadədə olan dərsliklərin 15%-ini aşmır. Məsələn, 2018/2019-cu tədris ilində ölkənin dövlət ümumtəhsil müəssisələrinin istifadəsində olan dərsliklərin ümumi sayı 17831548, tədris ilinin sonunda yararsız hala düşən dərsliklərin ümumi sayı isə 827548 olub ki, burada korlanma əmsalı təxminən 4,6%-ə bərabərdir".

Nazirlikdən bildirilib ki, dərsliklərlə səliqəli davranma, onları zədələnmələrdən qoruma vərdişlərinin şagirdlərdə formalaşdırılmasında məktəb və valideynlərin rolu böyükdür: "Bu istiqamətdə Nazirlik tərəfindən də yerlərlə mütəmadi maarifləndirmə işləri aparılır və hər bir dərsliyin cildinin arxa hissəsində bu barədə şagirdlər üçün xatırlatma yerləşdirilib".

Ən çox hansı dərsliklərin zədələnməsi və ya cırılmasına gəlincə, sorğunun cavabında vurğulanıb ki, ötən illərin statistikası istifadəyə yararsız olan və ya ən çox zədələnməyə məruz qalan dərsliklərin əsasən I sinif dərslikləri, digər siniflər üçün isə həftəlik dərs saatı daha çox olan fənlər üzrə dərsliklərə aid olduğunu göstərir: "Elə 2018/2019-cu tədris ilinin sonunda da bənzər tendensiya müşahidə edilib. Belə ki, yenicə tamamlamış tədris ilinin sonunda ən çox yararsız hala düşən və ilk 10-luqda olan dərsliklərin hamısı I siniflərə aid olmuşdur. Onlar Azərbaycan və rus bölmələrini əhatə etməklə Azərbaycan dili (tədris dili), Azərbaycan dili (dövlət dili), İngilis dili, Həyat bilgisi, İnformatika, Riyaziyyat, Rus dili (tədris dili) fənləri üzrə dərsliklərdir".

Təhsil Nazirliyi həmçinin, zədələnən və ya cırılan dərsliklərə görə kompensasiyanın qaydalarını da açıqlayıb. Belə ki, “Ümumtəhsil məktəbləri üçün dərsliklərin nəşri, çapı və paylanması qaydaları”na əsasən hər bir dərslik 4 il müddətinə çap olunur. Yəni, hər bir dərslik buraxıldığı vaxtdan etibarən 4 nəfər şagirdin istifadəsində olur. Dərsliklərin vaxtından əvvəl yararsız hala düşməsi və ya itirilməsi halları “Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi” ilə tənzimlənir. Belə ki, müvafiq qaydalara görə əgər dərsliklərin itirilməsinə və ya yararsız vəziyyətə düşməsinə istifadəçi səbəb olubsa, onlar istifadəçi tərəfindən əvəzlənir. Əks halda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təmin edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi