Yuxarı
    Bağlamaq

    Məktəb direktoru vəzifəsinə qəbul üçün müsabiqəyə çıxarılan yerlərin sayı artırılıb

    Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycanın orta məktəblərində direktor vəzifəsinə işə qəbul üçün müsabiqəyə çıxarılan vakant yerlərin sayı artırılıb.

    “Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

    Onun sözlərinə görə, dekabrın 5-dən dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək: “Bu mərhələdə 800-ə yaxın namizədin iştirakı gözlənilir. Vakant yerlərin böyük hissəsi regionların, xüsusilə də kənd məktəblərinin payına düşür. Ölkə üzrə vakant yerlərin çoxu cənub zonasını əhatə edir”.

    O xatırladıb ki, müsabiqənin ilkin mərhələsində vakant yerlərin sayı 700 olub: “Keçən bir ay ərzində əlavə vakant yerlər də yaranıb. Ona görə də vakant yerlərin sayını, təxminən, 750-ə qədər artırmışıq”.

    E.Bağırov qeyd edib ki, vakant yerlərin yaranma səbəbləri müxtəlifdir: “Bəzi direktorlar dövlət qurumunda vəzifədə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxıblar, bəziləri isə müəyyən nöqsanlara görə vəzifədən azad olunublar. Onların yerlərinə təyinat üçün vakant yerlər müəyyən olunub. Bundan başqa, 150 nəfərə yaxın direktorla yaş həddi tamam olduğuna görə müqavilənin müddəti uzadılıb. Bir faktı da qeyd edim ki, nöqsanlara görə işdən çıxarılan direktorların sayı kütləvi deyil. Öz ərizəsi ilə işdən çıxan direktorların da yeri vakant olan yerlər sırasındadır”.

    Nazirlik rəsmisi əlavə edib ki, müsabiqə mərhələsində paytaxt məktəbləri üçün tələb olunan 60 faizlik keçid balını toplayan namizədlərin sayı 19 nəfərdir: “Bakı şəhəri üzrə 13 vakant yerin olduğunu nəzərə alsaq, hesab edirik ki, bu say kifayət edəcək. Direktor olmaq istəyən namizədlər arasında əsasən gənc kadrlar üstünlük təşkil edir. Eyni zamanda, orta yaşlı şəxslər də namizədlər arasında yer alıb. Yaşı çox olanlar isə azdır”.

    O qeyd edib ki, müsahibə mərhələsi yanvarın 17-nə qədər davam edəcək: “Müsahibə mərhələsini uğurla keçən şəxslər fevral ayından işlərinin icrasına başlayacaqlar”.

    Qeyd edək ki, müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir. Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işlərini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surətini) Müsahibə Komissiyasına təqdim edirlər. Bu mərhələ üzrə keçid balı 3 bal müəyyən edilir.

    Xatırladaq ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il), pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi