ABŞ-ın 5 universitetinə qəbul olmuş BANM məzunu: “Ən böyük arzum professor olmaqdır” - MÜSAHİBƏ

ABŞ-ın 5 universitetinə qəbul olmuş BANM məzunu: “Ən böyük arzum professor olmaqdır” - MÜSAHİBƏ Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisası üzrə məzun olan İlqar Bağışov BP-dən iş təklifi almasına baxmayaraq, təhsilini davam etdirməyə üstünlük verib və tam təqaüdlə magistraturaya qəbul olunduğu ABŞ-ın 5 universitetindən birini – Ostindəki Texas Universitetini seçib. O həmçinin bu ali təhsil müəssisəsində yüksək maaşla professor köməkçisi olaraq çalışacaq. Report SOCAR-ın Ali Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən müsahibəni təqdim edir:
Elm və təhsil
10 İyul , 2019 12:43
ABŞ-ın 5 universitetinə qəbul olmuş BANM məzunu: “Ən böyük arzum professor olmaqdır” - MÜSAHİBƏ

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisası üzrə məzun olan İlqar Bağışov BP-dən iş təklifi almasına baxmayaraq, təhsilini davam etdirməyə üstünlük verib və tam təqaüdlə magistraturaya qəbul olunduğu ABŞ-ın 5 universitetindən birini – Ostindəki Texas Universitetini seçib. O həmçinin bu ali təhsil müəssisəsində yüksək maaşla professor köməkçisi olaraq çalışacaq. "Report" SOCAR-ın Ali Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən müsahibəni təqdim edir:

- BANM-dəki beşillik bakalavr təhsilinin sizin üçün hansı faydaları oldu?

- Beşillik təhsilin ən faydalı cəhəti təhsilin ingiliscə olması və Ali Məktəbdə yaradılmış rəqabət mühiti idi: bir-birimizlə yarışa girib daha yaxşı olmaq üçün inkişaf edirdik.

- Niyə BANM tələbələri məzun olmamış iş təklifi alırlar?

- BANM-dəki təhsil müasir dünya standartlarına cavab verir, ingilis dilində ən son yenilənmiş dərsliklərdən istifadə edirik, yaxşı müəllimlərdən dərs alırıq. Bundan əlavə, rəhbərliyin işə ciddi yanaşması və qurduğu strateji xətt nəticəsində yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq qurulub, həmin şirkətlərin təcrübə proqramlarında, istehsalat təcrübələrində iştirak edirik. Məsələn, BP-nin təcrübə proqramında iştirak edib yaxşı performans göstərdiyim üçün şirkətdən iş təklifi almışdım.

- Bəs fasilə vermədən Amerikada magistratura oxumağa sizi nə vadar etdi?

- İnsanın ən enerjili vaxtı gənc yaşlarıdır, bu yaşı faydalı dəyərləndirmək istədim, mühəndislik sahəsində ABŞ-ın ən yaxşı universitetlərinə sənədlərimi yolladım, qəbul aldım, öz sahəsinin lideri olan Ostindəki Texas Universitetini seçdim.

- Necə oldu ki, Texas Universitetinin professorundan iş təklifi aldınız?

- Bakıda eiLink (Education Industry Link) Tədqiqat və İnkişaf Mərkəzi üçün seçilmişdim, bir ildən çox orada ingiliscə tədqiqat işi üzərində işləyirdim, həmin layihə “Termodinamikanın modelləşdirilməsi” haqqında idi, sonra tədqiqat işini amerikalı alim Ryosuke Okunoya yollamışdım. Dr. Okuno işimi çox yüksək qiymətləndirdi və bildirdi ki, bakalavr pilləsində olan hər tələbə belə işləyə bilmir. Sonra mənə magistratura təhsilini Amerikada davam etdirməyi və yüksək məvacib qarşılığında iş təklif elədi.

- Sizi digər BANM tələbələrindən nə fərqləndirir, qazandığınız uğurları nəyə borclusuz?

- Əslində, dərindən baxanda xüsusi fərqləndirəcək səbəb yoxdur. BANM-də təhsil səviyyəsi yüksəkdir, təhsil sistemi də tələbkardır, burada xeyli yaxşı tələbələr var. Sadəcə, yaşıdlarımdan fərqli olaraq ingilisdilli tədqiqat işi aparmağa qərar verdim, bu, olduqca məsuliyyətli və ağır iş idi. Günlərlə gecə-gündüz tədqiqat işinin üzərində çalışdım və bir ildən çox çəkdiyim zəhmətin bəhrəsini gördüm. Tezliklə həmin işi məqalə kimi dərc etdirməyi planlaşdırıram.

- Gələcək üçün hədəf və planlarınız nədir?

- Gələcək üçün əsas hədəfim Amerika təhsil sistemində özümü daha da inkişaf etdirib ölkəmə dönməkdir. Daha sonra BANM-də mühəndislik sahəsi üzrə tədqiqatlarımı davam etdirərək doktorluq dərəcəsinə yüksəlmək, Ali Məktəbdə bu sahəyə maraq yaratmaq və onu inkişaf etdirməkdir. 

Son xəbərlər

Orphus sistemi