Yuxarı
    Bağlamaq

    BANM-ın tələbələri "CanSat Azərbaycan 2018" müsabiqəsində uğur qazanıblar

    Dinlə

    Bakı. 8 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri “Azərkosmos” və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "CanSat Azərbaycan 2018" müsabiqəsinin final mərhələsinə qatılıblar.  

    Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, BANM-in 6 tələbəsindən ibarət “İnterstellar” komandası müsabiqədə ikinci yeri tutaraq yarışda BANM-ı yüksək səviyyədə təmsil ediblər.

    Final mərhələsinə 7 universitetdən 10 komanda qatılıb. Tələbələr hazırladıqları 500 qramlıq peyk modelini daşıyıcı vasitəsilə 400 metrdən havaya buraxıblar. Buraxılan modellər tələbələrin hazırladıqları xüsusi proqram təminatı vasitəsilə yerüstü stansiyaya siqnal – telemetriya göndərərək uçuş müddətində peyk modelindən şəkillərin çəkilməsini həyata keçirib. Daha sonra komandalar əldə etdikləri nəticələri münsiflər qarşısında təqdim ediblər. BANM-ın tələbələrinin hazırladığı peyk modeli münsiflərin böyük marağına səbəb olub və onlar komandanın işini yüksək qiymətləndiriblər.

    Ali Məktəbin “İnterstellar” komandasının hazırladığı peykin mexanika bölməsində Nəcəfov Hüseyn və Şəfiyeva Şəbnəm, elektronika bölməsində Quliyeva Pərvin və Ağayev İsmət, proqramlaşdırma bölməsində isə Kərimova Səadət və Əhədli Tərlan işləyiblər.

    “Bu cür layihə bizim üçün tamamilə yeni bir sahədir. Bu səbəbdən biz çox həyəcanlı idik. Lakin bilikli, güclü komanda üzvlərimiz və motivasiyamız bizim layihədə ikinci yeri əldə etməyimizə səbəb oldu.” -deyə “İnterstellar” komandasının kapitanı Pərvin Quliyeva bildirib.

    Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq keçirilən “CanSat Azərbaycan 2018” müsabiqəsinin əsas məqsədi ölkədə tələbə peyki layihələrinə marağın artırılması, ölkənin beynəlxalq analoji müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması və bununla milli peyk sənayesinin stimullaşdırılması, gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən Azərbaycanda hazırlanması üçün bacarıq və vərdişlərin əldə edilməsinə nail olmaqdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi