Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı yeni binada fəaliyyət göstərəcək

    Prezident İlham Əliyev filialın yeni inşa olunan binasının açılışında iştirak edib

    Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni inşa olunan binasının açılışında iştirak edib.

    “Report”un xəbərinə görə, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

    Azərbaycan Prezidentinə məlumat verilib ki, bina 6 min 700 kvadratmetr ərazini əhatə edir. Təhsil ocağının bütün otaqları, auditoriyaları zəruri avadanlıqla təchiz olunub. Tədris prosesində müasir informasiya-kommunikasiya sistemlərindən istifadəyə diqqət yetirilib. Filialın yeni binasında kitabxana, akt zalı və muzey fəaliyyət göstərəcək, tələbələr tibb və iaşə xidmətlərindən istifadə edəcəklər.

    Qeyd edək ki, 2012-ci il mayın 7-də ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ Zaqatala rayonunda da ciddi fəsadlar törətmişdi. Çoxlu sayda evlər, sosial təyinatlı binalar dağılmış və ya qəzalı vəziyyətə düşmüşdü. Hadisədən dərhal sonra fəlakət zonasına gələrək zəlzələnin törətdiyi fəsadlarla şəxsən tanış olan Prezident İlham Əliyev zərərçəkmiş insanlara təcili yardım göstərmək, dağılmış binaların yerində yeni tikililərin inşası üçün sərəncam və tapşırıqlarını vermişdi. Zəlzələ zamanı Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının binası da tamamilə qəzalı vəziyyətə düşmüşdü. Dövlət başçısının tapşırığına uyğun olaraq, 2012-ci ildə filial üçün yeni binanın tikintisinə başlandı. Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən tikinti işləri bu ilin sentyabrında başa çatdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi