Yuxarı

AMEA-nın vitse-prezidenti: “Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təsir imkanları geniş olacaq”

AMEA-nın vitse-prezidenti: “Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təsir imkanları geniş olacaq”
“Monitorinq Mərkəzinin “Tədbirlər Planı”nı hazırlamaq üçün işçi qrupu yaradılıb”
Dinlə

Bakı. 5 noyabr. REPORT.AZ/ "Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlamaq üçün işçi qrup yaradılıb".

Bunu "Report"a açıqlamasında Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli deyib.

O bildirib ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı fərman müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müasir mərhələdəki hədəflərini, istiqamətlərini, vəzifələrini müəyyən edir: "Müstəqillik illərində dilimiz daha da inkişaf edib və dünyanın inkişaf etmiş dillərindən birinə çevrilib. Qeyd etdiyim fərman dilimizə kənardan daxil olan yad kəlmələrə, dilimizin qrammatikasına uyğun olmayan sözlərə həssas münasibət bəsləməyi tələb edir. Dilimizin daha çox özünün daxili zənginlikləri hesabına inkişaf etdirilməsi vəzifələrini qarşıya qoyur".

İ.Həbibbəylinin sözlərinə görə, Azərbaycan Respublikasının “Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün nəzarət funksiyaları həyata keçirəcək: "Bu sahədə Azərbaycan Milli Elmlər Akademiyasının da üzərinə böyük öhdəliklər düşür. Akademiya bir ay ərzində “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlayıb Nazirlər Kabinetinə təhvil verməlidir. Artıq Akademiyada, Dilçilik İnstitutunda uyğun mütəxəssislərdən ibarət işçi qrupu formalaşdırılıb və tədbirlər planı üzərində iş aparılır".

O xatırladıb ki, Dilçilik İnstitutunda Monitorinq şöbəsi bir neçə ildir fəaliyyət göstərir: "Şöbənin əməkdaşları daim monitorinqlər aparır və bir neçə dəfə apardıqları monitorinqlərin nəticələrini ictimaiyyətə açıqlamaq üçün müzakirələr, tədbirlər keçiriblər. Şübhəsiz ki, şöbənin gördüyü işlər əhəmiyyətlidir, amma tam yetərincə deyildi".

Vitse-prezident qeyd edib ki, “Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs Azərbaycan Dövlət Dil Komissiyasının tərkibində yaradılacaq: "Dil Komissiyası müstəqil qurumdur, ona Azərbaycan Prezidenti İlham Əliyev rəhbərlik edir. Azərbaycanın görkəmli alimləri həmin komissiyanın üzvüdürlər. Monitorinq Mərkəzinin Dil Komissiyasının tərkibində fəaliyyət göstərməsi onun daha yüksək statusa malik olan elmi və siyasi qurum olmasını göstərir. Bu da qurumun təsir imkanlarının geniş olmasına səbəb olacaq". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi