Yuxarı

"ADA" Universitetində Təhsil üzrə Menecment magistr proqramının açılış mərasimi keçirilib

Hafiz Paşayev: İşləyən tələbələrin cədvəlinə uyğunlaşdırmaq məqsədi ilə dərslər axşamlar, həftə sonu və onlayn tədris ediləcək

Bakı. 11 noyabr. REPORT.AZ/ Bu gün "ADA" Universitetində Təhsil üzrə Menecment magistr proqramının açılış mərasimi keçirilib. "Report"un xəbərinə görə, proqram barədə "ADA" Universitetinin rektoru Hafiz Paşayev məlumat verib.

Onun sözlərinə görə, "ADA" Universiteti 2016-2017-ci tədris ilindən başlayaraq yeni magistr ixtisası təklif edir: "Universitetin Təhsil İdarəedilməsi fakültəsi Təhsil Nazirliyinin dəstəyi və ABŞ-ın Miçiqan Unuversiteti ilə əməkdaşlıq etməklə Təhsil üzrə Menecment proqramına qəbul elan edib. Magistr proqramı 15 ay müddətində ingilis dilində tədris olunacaq. İşləyən tələbələrin cədvəlinə uyğunlaşdırmaq məqəsədi ilə dərslər axşamlar, həftə sonu və onlayn tədris ediləcək. Müəllim heyəti yerli və xarici professorlardan ibarət olacaq".

Rektor həmçinin əlavə edib ki, tələbələr Təhsil üzrə Menecmentdə orta və ya ali təhsil istiqaməti üzrə ixtisaslaşmanı seçə bilərlər: "İngilis dili səviyyəsi magistr təhsili üçün məqbul olmayan tələbələrə əlavə dil hazırlığı dərsləri də təklif olunacaq. Təhsil müddətində tələbələr bir sıra praktiki seminar və səfərlərdə iştirak edəcək, mübadilə proqramları vasitəsilə xarici təcrübəni öyrənmək imkanı əldə edəcəklər. Qəbul aprelin 1-dək davam edəcək".

Təhsil Nazirinin müavini Ceyhun Bayramov isə çıxışında vurğulayıb ki, son illərdə nazirlik bütün imkanlardan istifadə edərək dünyanın qabaqcıl təhsil sisteminin ölkədə tətbiqi istiqamətində mühüm işlər görür: "Xaricdə təhsil proqramı buna bariz nümunə kimi göstərilə bilər. Eyni zamanda, təhsil sahəsində bir çox layihər həyata keçirilib. Misal olaraq, son 2 ildə 39 nəfər Bakıda direktor, 79 nəfər isə direktor müavinləri təyin olunub".

Nazir müavini qeyd edib ki, "ADA" universitetində təhsil sahəsində ilk dəfə olaraq menecment magistr proqramının açılması təqdirəlayiqdir: "Proqram gələcəyi dəyişməyə təkan verə biləcək təcrübədir".

Çıxışlardan sonra Təhsil İnstitutunun direktoru Vəfa Kazdal proqramın mahiyyətini açıqlayan təqdimatla çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi