Qanunvericiliyə əsasən, Azərbaycanda yeni tədris ilinin başlamasına təxminən ay yarım vaxt qalıb. Amma koronavirus pandemiyasına görə bu sahədə qeyri-müəyyənlik yaranıb. Çünki ölkəmizdə COVID-19-a yoluxma sayı hələ də yüksəkdir, ölkədə xüsusi karantin rejimi tətbiq olunub, bir sıra şəhər və rayonlarda sərt karantin rejimi mövcuddur. Belə bir vəziyyətdə bütün valideynləri bir sual düşündürür: dərslər sentyabrın 15-də başlayacaqmı?
“Report” bununla bağlı araşdırma aparıb, rəsmi qurumların və ekspertlərin fikirlərini öyrənib.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Report”un sorğusuna cavab olaraq deyib ki, yeni tədris ilinin dəqiq nə zaman başlayacağı ilə bağlı hələlik heç bir qərar yoxdur: “Hazırda nazirlikdə müzakirələr aparılır və təkliflər hazırlanır. Yekun qərar qəbul olunanda ictimaiyyətə geniş məlumat veriləcək”.
Valideynləri narahat edən məqamlardan biri də övladlarının məktəb hazırlığına nə zaman başlamaqla bağlı yaranmış qeyri-müəyyənlikdir. Çünki əksər valideynlər məktəb alış-verişini daha tez edirlər, eləcə də məktəbli formasını dərslərin başlamasına bir ay qalmış alırlar.
Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov isə “Report”a açıqlamasında ölkədəki mövcud durumla əlaqədar yeni məktəbli forması tikmədiklərini deyib: “Anbarda müəyyən miqdarda hazır məktəbli formalarımız mövcuddur. Parçamız da var. Əgər dərslərin başlaması barədə qərar olsa, məktəbli formaları tikə bilərik. Ölkədə vəziyyətin necə olacağını və hansı qərarın qəbul ediləcəyini bilmədiyimizdən yeni məktəbli formasını tikib nə edəcəyik? Yəni ehtiyatımız var, amma hamı kimi biz də yekun qərarı gözləyirik”.
Təhsil eksperti Kamran Əsədov xatırladıb ki, martın 3-dən ölkədə tədris prosesi dayandırılandan sonra onlayn dərslər keçirilib. Amma ekspert bunun davam etməsini effektiv saymır: “Çünki teledərslərə 150 min müəllimin yalnız 50-60 nəfəri cəlb olunur. Ona görə də yenilik tətbiq edilməli və dərslər həftə ərzində hər gün olmamalıdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1-3-5-ci günlər, digər siniflər isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman sosail məsafə və digər qabaqlayıcı tədbirlərə diqqət yetirmək lazımdır.
Bundan başqa, ölkədə mövcud olan 4 000-dən artıq ümumtəhsil müəssisələrində təhsil alan hər bir şagirdə dövlət büdcəsi hesabına planşetlər verilməli və onlar üçün distant-online təhsilə qoşulmaq üçün bərabər imkanlar yaradılmalıdır. Hesab edirəm ki, dərslər sentyabrın 15-də deyil, 1-dən başlamalıdır. Ay boyunca əvvəlki ilin materialları təkrarlanmalı, yalnız oktyabr ayından yeni sinfin dərslərinin keçirilməsinə başlamaq lazımdır.
Dərs saatları elə müəyyən edilməlidir ki, şagirdlər məktəbdə maksimum 2-2,5 saat olsun. İbtidai siniflər üçün dərs müddəti 25, digər siniflər üçün 30 dəqiqə müəyyən edilməli, yaxın fənnləri birləşdirərək inteqrativ dərslərə üstünlük verilməlidir.
Təklif edərdim ki, məktəblər 3 növbə əsasında fəaliyyət göstərsin. Belə ki, I növbə saat 08:00-dan 10:00-dək ibtidai siniflər, II növbə saat 10:30-dan 13:30-dək V-VIII siniflər, III növbə isə saat 14:00-dan 17:00-dək IX-XI siniflər dərsdə iştirak etməlidirlər. Bütün hallarda sinifdə şagird sıxlığına xüsusi diqqət yetirmək lazımdır. İbtidai siniflərdə şagird sayını 20-dən, digər siniflərdə 15-dən çox olmasına imkan verilməməlidir. Bütün bunlarla yanaşı, zəruri tibbi-sanitar normalar gözlənilməli, məktəblər mütəmadi olaraq dezinfeksiya edilməlidir”.
Azərbaycanın baş infeksionisti Cəlal İsayev yeni tədris ilinin başlamasına hələ bir aydan çox vaxtın qaldığını xatırladaraq bildirib ki, indi məktəblərin açılmasından danışmaq çox tezdir: “Hamıya məlumdur ki, bu gün ölkədə virusa yoluxma sayı hələ də yüksək olaraq qalır. Sağalanların sayı çoxalsa da, arxayınlaşmaq olmaz.
Odur ki, payızda məktəblərin açılması çox mürəkkəb məsələdir. Çünki nəinki təhsil müəssisələri, eləcə də iri ticarət mərkəzləri, metro kütləvi toplaşım yeridir. Bu məkanlar da infeksiyanın sürətli yayılması üçün münbit şərait yaradır. Yoluxma sayı kifayət qədər azalmalı və ölkədə epidemioloji vəziyyət stabilləşməlidir ki, məktəblərin açılması məsələsinə baxılsın. Amma bu gün üçün məktəblərin açılması müzakirə mövzusu deyil”.
Qeyd edək ki, indiyə qədər ümumtəhsil məktəbində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatırdı.