Şagirdlərdən tibbi arayış tələb edilməsi əlavə problem yaradır

Şagirdlərdən tibbi arayış tələb edilməsi əlavə problem yaradır Azərbaycanda yeni tədris ilinin başlamasına 20 gündən az bir vaxt qalıb.
Elm və təhsil
11818
27 Avqust , 2020 14:11
Şagirdlərdən tibbi arayış tələb edilməsi əlavə problem yaradır

Azərbaycanda yeni tədris ilinin başlamasına 20 gündən az bir vaxt qalıb. Amma koronavirus pandemiyası səbəbindən təhsil müəssisələrinin açılıb-açılmayacağı ilə bağlı hələlik yekun qərar verilməyib. Buna baxmayaraq, hər il olduğu kimi, yeni tədris ili ilə əlaqədar olaraq, birinci sinfə və məktəbəhazırlıq qruplarına şagird qəbulu davam edir. Bu zaman valideynləri narahat edən məsələlərdən biri də sənəd qəbulu prosesidir.

Belə ki, birinci sinfə və məktəbəhazırlıq qruplarına qəbul olan şagirdlər üçün tələb edilən sənədlər siyahısında sağlamlıq haqqında arayışın da olması valideynlərin narahatlığına səbəb olub.

Valideynlər düşünür ki, sözügedən sənədi əldə etmələri üçün poliklinikalara kütləvi axın başlayacaq. Onlar pandemiya dövründə bu cür halların özləri və övladlarının sağlamlığı üçün təhlükə olacağını hesab edir. Bundan əlavə, məktəblərin açılacağı təqdirdə kitab və dəftər satışı, eləcə də məktəbli forması mağazalarına insan axını kütləvi yoluxma hallarının artımına səbəb ola bilər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Report”a açıqlamasında bildirib ki, sağlamlıq haqqında arayışın alınması üçün növbəlilik sistemi yaradılmalıdır:

“Bu, sistem vasitəsilə qeydiyyat onlayn və yaxud da hansısa formada aparılmalıdır. Belə olan halda sıxlığın qarşısının alınması mümkündür. Bununla yanaşı düşünürəm ki, COVID-19 testləri və uşaqların sağlamlığının yoxlanılması ödənişsiz olmalıdır. Ən azından güzəşt olunmalıdır. Çünki bu, təhsilə bağlı məsələdir. Bu proseslərin həyata keçirilməsi üçün təlimatlar hazırlanmalıdır. Əks halda eyni vaxtda hamı axışsa, çörək növbəsi kimi biabırçılıqlar olacaq. Hava şəraiti əlverişli olarsa, səhiyyə müəssisələrinin həyətində - açıq havada da qeydiyyat aparılması, uşaqların sağlamlığının yoxlanılması və sağlamlıq haqqında arayışın verilməsi prosesi gerçəkləşə bilər. Təbii ki, zəruri hallar olarsa, bu işlər xəstəxana daxilində həyata keçirilə bilər”.

Təhsil eksperti Kamran Əsədov isə “Report”a açıqlamasında bildirib ki, tibbi arayış almaq üçün azyaşlı uşaqların xəstəxana və poliklinikalara getməsi təhlükə yarada bilər:

“Bu il orta ümumtəhsil məktəblərinə məktəbəhazırlıq qruplarına 80 mindən çox şagirdin gedəcəyi proqnozlaşdırılır. Bu da kifayət qədər böyük insan kütləsi deməkdir. Nəzərə almaq lazımdır ki, həmin uşaqlar özləri təkbaşına poliklinikalara getməyəcək. Onlar valideynlərindən biri ilə getməli olurlar. Eyni zamanda, bizim 4 447 orta ümumtəhsil məktəblərinə 165 min şagird birinci sinfə gedir. Eyni qaydada, onlardan da sağlamlıq haqqında sənəd tələb olunur. Bu da 250 minə yaxın uşaq deməkdir. Onlarla yanaşı, valideynlərdən biri və ya ikisi də gedəcəyi halda, bu, böyük insan axınına səbəb olacaq. Ona görə də düşünürəm ki, sağlamlıq haqqında arayışların tələb olunmasına fasilə verilməlidir. Bunu elektron qaydada da həyata keçirmək olar. Onsuz da uşaqlar hər bir yaşında mütəmadi olaraq həkim müayinəsindən keçirlər və peyvəndləri də vurulur. Bununla bağlı elektron baza yaradılarsa, məlumatlar da oradan müvafiq təhsil müəssisələrinə göndərilməlidir. Çünki pandemiya dövrüdür, bu da valideynlərin və uşaqların sağlamlığına ciddi təhlükə yarada bilər. Misal üçün, Şirvan şəhərində son 14 gün ərzində yoluxmanın artmasına səbəb xəstəxana və poliklinikalarda karantin qaydalarına riayət edilməməsi ilə bağlıdır. Ona görə də, azyaşlı uşaqların xəstəxana və poliklinikalara getməsi təhlükə yarada bilər. Onların sağlamlığı əvvəlki illərdəki tibbi müayinələrinin nəticəsinə əsasən yoxlanılmalıdır”.

Son xəbərlər

Orphus sistemi