Avqustun 3-də inzibati vəzifələrin A növünə aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbulla bağlı keçirilən imtahanda iştirak edən namizədlərin yaş kateqoriyası, gender aspektləri və s. haqqında bəzi statistik məlumatlar açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 67 nəfəri kişi, 30 nəfəri isə qadın olub.
Qeydiyyatdan keçən namizədlərdən 78 nəfər 20-39 yaş intervalında olanlardır. Bu namizədlərdən 15 nəfər imtahanda uğur qazanıb. Daha yuxarı yaş qrupuna aid olan 19 nəfərdən 1 nəfər lazımi nəticəni toplaya bilib.
AA vəzifə qrupu üzrə sertifikatı əldə etmək üçün qeydiyyatdan keçən 5 nəfərdən heç kim lazımi balı toplaya bilməyib. AB üzrə 23 nəfərdən 1 nəfər, AC üzrə isə 69 nəfərdən 15 nəfər test imtahanından uğurla keçib.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 97 namizəddən 16 nəfəri (16.5%) müvəffəqiyyət əldə edib (67 kişidən 9 nəfəri, 30 qadından isə 7 nəfəri lazım olan balı toplayıb).
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən şəxlərdən 52 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Bu kateqoriyaya aid olanlardan 11 nəfər uğur qazanıb. İmtahanda iştirak edənlərdən 45 nəfərin məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarət olub. Onlardan 5 nəfər uğur qazanıb.
Namizədlərin qeydiyyat ünvanlarına görə statistikasına nəzər salsaq 37 müxtəlif rayon və şəhər üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçənlərin olduğunu görə bilərik. Daha çox Bakı (52 nəfər) sakinləri qeydiyyatdan keçiblər.