"Övladını məktəbə göndərmək istəməyən valideynlər iki halda iltizam ərizəsi yazacaqlar".
"Report" xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında bildirib.
O vurğulayıb ki, birinci hal yoluxma sayının yüksək olduğu zonaya görə olacaq: "Həmin zonada yaşayan valideynlər ərizə yazaraq övladını məktəbə göndərməyə bilər. İkinci halda isə evlərində koronavirus xəstəsi olan, yaxud hər hansı respirator virus infeksiyası olan valideynlər övladını məktəbə göndərməməlidir. Eləcə də xəstəlik barədə məktəb rəhbərliyinə məlumat verməlidir".
Xatırladaq ki, pandemiya şəraitində ötən tədris ilində valideynlərin övladlarını məktəbə göndərməməsi məsələsi könüllü idi.
Qeyd edək ki, sentyabrın 22-də ümumtəhsil müəssisələrində aşağı sinif şagirdləri, sentyabrın 29-da isə orta və yuxarı sinif, eləcə də ali və orta ixtisas təhsil müəssisələrində ənənəvi tədris bərpa ediləcək.