Təxminən 5-10 ildən sonra məktəblərdə tədris etdiyi fənni güclü bilən müəllimlər işləyəcək.
"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.
DİM sədri bildirib ki, pedaqoji ixtisaslara qəbulla bağlı araşdırmalar aparılıb: "Nəticəyə əsasən 2009-cu ildən bu ixtisas üzrə qəbul planı artıb. Bu ilki qəbulun 20 %-ni məhz pedaqoji ixtisas təşkil edib. Hələ də müəllim peşəsi qadın işi kimi qəbul edilir. Oğlanlar əsasən texnologiya sahəsi üzrə görülür. Bu il pedaqoji ixtisaslar üzrə abituriyentlərin orta bal göstəricisi 343 olub və bu riyazi üsullarla hesablanıb".
Onun sözlərinə görə, müəllimlik ixtisasını seçən abituriyentlər daha çox bölgələri təmsil edirlər, lakin bu il şəhər abituriyentlərinin sayı artıb.
DİM sədri bildirib ki, ölkədə pedaqoji kadrların keyfiyyət göstəricilərinin ölçülməsini daim diqqət mərkəzində saxlanılır: "Həmçinin növbəti 5-10 ildən sonra bizim müəllimlər ordusunun tərkibini müəyyən etmək məqsədilə pedaqoji ixtisaslara qəbulla bağlı geniş araşdırma və təhlillər aparır. Araşdırmanın nəticələri tam şəkildə hər fənn üzrə ayrılıqda Elm və Təhsil Nazirliyinə təqdim olunacaq, eyni zamanda “Abituriyent” jurnalının 12-ci sayında dərc olunacaq.
Hər il olduğu kimi, bu il də ayrı-ayrı şəhər və rayonların, məktəblərin məzunlarının imtahan nəticələri müvafiq regional təhsil idarələrinə təqdim olunacaq. Təhsil sahəsində islahatlar aparılarkən statistik təhlil mütləq nəzərə alınmalıdır. Yalnız bu yolla biz hansı istiqamətdə getdiyimizi, qoyduğumuz hədəflərə nə dərəcədə yaxın olduğumuzu müəyyən edə bilərik".