Bakı. 9 mart. REPORT.AZ/ AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən "Məhəmməd Füzulinin poetik əsərlərinin izahlı lüğəti" nəşr olunub. Bu barədə "Report"a kitabın redaktoru, professor Sevil Mehdiyeva məlumat verib.
Onun sözlərinə görə, institutun Dil tarixi və dialektologiya şöbəsinin elmi əməkdaşları tərəfindən hazırlanan toplu böyük şairin anadan olmasının 500 illiyi ərəfəsində tamamlanıb: "Burada Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq, şairin ana dilində yazdığı əsərlərində işlənən sözlərin izahlı lüğəti yer alıb. Lüğətdə mənşəyindən asılı olmayaraq, şairin Azərbaycan dilində yazdığı əsərlərində işlənən bütün alınma sözlər əhatə edilib, şairin poetik dili üçün səciyyəvi olan məna çalarları müəyyən olunub".
Redaktor onu da qeyd edib ki, lüğətdə 4760 söz qeydə alınıb: "Əsər türkoloji konteksdə ilk dəfə çap olunur. Lüğət, həm də füzulişünaslıq elminə - Füzulinin poetik dilinin elmi-nəzəri tədqiqinə xidmət edən əsərdir. Növbəti tətqiqatlarımızda klassiklərin dilinin indiki gəncliyə daha dəqiq və yaxından çatdırmaq üçün həmin dövrdə yaşayan bütün sənətkarların dilinin izahlı lüğətlərinin hazırlanması planlaşdırılır".
Qeyd edək ki, lüğət "Elm" nəşriyyatında çap olunub.