“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında ölkəmizi təmsil edəcək gənclərin müəyyən edilməsi üçün Kibertəhlükəsizlik üzrə Milli Yarışın Final mərhələsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini İdris İsayev, nazirin müşaviri Valeh Mirzalıyev və digər rəsmilər iştirak ediblər.
Nazir müavini çıxışında kibertəhlükəsizliyin əhəmiyyəti haqqında söz açıb, bu sahənin dövlət tərəfindən xüsusi diqqət mərkəzində olduğunu bildirib.
Daha sonra yarışın qalibləri – Sənan Nəcəfov, Vüsalə Ələkbərova, Xalid İsmayıllı, Məhəmmədcan Məhəmmədcanov, İsgəndər İsgəndərov və Mikayıl Mustafayev təltif edilib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulanıb.
Qeyd edək ki, qalib iştirakçılar kibertəhlükəsizlik üzrə “WorldSkills Azerbaijan” platformasının yığma komandasına daxil olaraq, “WorldSkills Shanghai 2022” beynəlxalq yarışının hazırlıq prosesinə cəlb olunacaqlar. Hazırlıq prosesinin sonunda, iki iştirakçı bu ilin 12-17 oktyabr tarixlərində “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında Azərbaycanı təmsil edəcək.
Müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” platformasının əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.