Bakı. 14 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ilə görüşüb.
Bu barədə “Report”a BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
E.Qasımov Azərbaycan və İndoneziya arasında əlaqələrin iqtisadi-ticarət, turizm və təhsil sahələrində inkişafından söz açıb. Ali Məktəbin yaranma tarixi və fəaliyyət istiqamətləri haqqında səfirə məlumat verib. Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Ali Məktəbdə qısa müddət ərzində görülən işlər və islahatlardan danışaraq E.Qasımov tədris prosesi, tələbələr üçün yaradılan imkanlar və beynəlxalq əlaqələrdən bəhs edib. Elmar Qasımov BANM-in dünyanın müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları ilə əlaqələrindən də söz açıb.
İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani səmimi qəbula görə təşəkkür edib. Səfir BANM ilə İndoneziyanın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektiv inkşafının hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinə yol açacağını bildirib. O, BANM-in əməkdaşlarını və tələbələrini noyabrın 19-20-də Bakıda təşkil ediləcək İndoneziya Mədəniyyət Festivalına dəvət edib.
Görüşdə, o cümlədən gələcək əməkdaşlıq, tələbə-müəllim mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda rektor E.Qasımov səfirə BANM-in “Fəxri qonaq” diplomunu təqdim edib.