İyulun 25-də UFAZ-a qəbul imtahanı keçiriləcək

İyulun 25-də UFAZ-a qəbul imtahanı keçiriləcək Bakı. 19 iyul. REPORT.AZ/ İyulun 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçiriləcək.
Elm və təhsil
19 İyul , 2018 15:42
İyulun 25-də UFAZ-a qəbul imtahanı keçiriləcək
0 : 00
0 : 00

Bakı. 19 iyul. REPORT.AZ/ İyulun 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçiriləcək. 

Bu barədə "Report"a ADNSU-nun İctimaiyyətlə əlaqələr və marketinq departamentindən məlumat verilib.

Onlayn qeydiyyat tarixi iyulun 23-ü saat 14:00-a qədər açıqdır. İmtahanın nəticələri iyulun 27-də saat 12:00-da açıqlanacaq.

UFAZ-a qəbul imtahanında Dövlət İmtahan Mərkəzinin I ixtisas qrupu üzrə təşkil etdiyi imtahanlarda 500 və daha çox bal toplamış abituriyentlər iştirak etmək hüququna malikdir. UFAZ-da hər bir ixtisas üzrə 30 dövlət sifarişli və 10 ödənişli əsaslarla, ümumilikdə, 160 tələbənin təhsil alması nəzərdə tutulur.

İmtahandan sonra UFAZ-ın tələbəsi adını qazanmış gənclərin adları Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunacaq. Təhsil Nazirliyi isə, öz növbəsində, UFAZ-a qəbul olmuş gənclərin adlarını Dövlət İmtahan Mərkəzinə (DİM) təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər.

UFAZ-a imtahan vermiş, lakin uğur əldə edə bilməmiş tələbələr DİM-in təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.

Xatırladaq ki, UFAZ-da 4 ixtisas üzrə (Kimya mühəndisliyi, Kompüter elmləri, Geofizika mühəndisliyi və Neft-qaz mühəndisliyi) tədris aparılır. Seçilən bu 4 ixtisas hazırda Azərbaycanda ən çox tələbat olan sahələrdəndir. Təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla 4 il davam edir. Tədris ingilis dilində aparılır. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Renn 1 və ADNSU) əldə edəcəklər.

Son xəbərlər

Orphus sistemi