Bakı. 24 dekabr. REPORT.AZ/ "İnstitutların hazırladığı hesabatlar çox xırda və cüzi elmi məsələlərə yönəlmiş elmi tədqiqat işləridir. Hər zaman qeyd edirəm ki, bizdə elə alimlər var ki, onlar öz elmi baxışları ilə bu mövzuları daha geniş regional şəraitə çıxarmalıdırlar". "Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Geologiya və Geofizika institutunun illik hesabatının təqdim olunması zamanı çıxışında qeyd edib.
O qeyd edib ki, Qara dənizdən Xəzərə qədər olan sahəni öyrənmək lazımdır: "Axı, niyə Qara dənizdən bu yana gürcülərlə birləşib böyük regional mövzu ortaya qoymayaq? Nə üçün bu sırf seysmologiya, göy dinamikası və digər müxtəlif istiqamətləri əhatə etsin? Odur ki, bu istiqamətdə birgə çalışmaq labüddür".
İnstitutda 20-yə yaxın alimin olduğunu deyən A.Əlizadə deyib ki, yeni qüvvələr var və onlar birləşməlidirlər, çünki təklikdən bir şey çıxmayacaq.
AMEA sədri onu da vurğulayıb ki, hazırda Azərbaycanda yer elmləri sahəsində geniş profilli regional işlər lazımdır: "Bu gün resept vermək çətindir, çünki onu oturub düşünmək lazımdır. Bir neçə mövzu təhlil olunmalıdır".
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Әlizadə bölmələr qarşısında akademiyada kiçik müəssisələrin yaradılması tələbini qoyub: "AMEA-da ən azı 3-4, bəlkə də artıq sayda kiçik müəssisələr yaradılmalıdır. Bunu həm Yer Elmləri Bölməsindən, həm də başqa bölmələrdən xahiş edirəm. Akademiyada elmi nailiyyətlər kifayət qədər var. Amma onun innovasiyada, təcrübədə yerini görmürəm".