Faiq Quliyev: Gürcüstanda yaşayan azərbaycanlı gənclərin təhsili və cəmiyyətə inteqrasiyası vacibdir
- 17 noyabr, 2026
- 11:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanda yaşayan azərbaycanlı gənclərin təhsil alması, ixtisaslı mütəxəssis kimi yetişməsi və cəmiyyətə inteqrasiyası vacibdir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə keçirilən "Study in Azerbaijan" təhsil sərgisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında münasibətlər tarixi köklərə malikdir və son 5-6 ildə bütün istiqamətlərdə daha yüksək səviyyəyə yüksəlib:
"Bu münasibətlərin əsas istiqamətlərindən biri Gürcüstanda yaşayan azərbaycanlı soydaşlara göstərilən diqqət və qayğıdır. Gürcüstanda yaşayan yüz minlərlə azərbaycanlı daim Azərbaycan rəhbərliyinin diqqət mərkəzindədir. Təhsil və maarifçilik də bu siyasətin prioritet istiqamətlərindəndir".
Səfir xatırladıb ki, Prezident İlham Əliyevin tapşırığı əsasında SOCAR-ın Gürcüstandakı nümayəndəliyi vasitəsilə indiyədək 6 700 tələbənin müvafiq proqramdan faydalandığını, bu məqsədlə ümumilikdə 19,3 milyon ABŞ dolları vəsait xərcləndiyini diqqətə çatdırıb:
"Bu proses gələcəkdə də davam etdiriləcək. Əsas məqsəd Gürcüstanda yaşayan azərbaycanlı gənclərin təhsilli və ixtisaslı mütəxəssislər kimi yetişməsi, Gürcüstan cəmiyyətinə inteqrasiyası və Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsinə töhfə verməsidir".
Faiq Quliyev həmçinin bildirib ki, ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində Gürcüstandan magistratura proqramında 60-a yaxın tələbə və gənc iştirak edir:
"Eyni zamanda əməkdaşlıq çərçivəsində müəllimlər üçün də xüsusi proqram hazırlanıb. Proqram könüllü xarakter daşıyır. Bu istiqamətdə praktiki işlər aparılır. Əsas məsələlərdən biri müvafiq fakültənin fəaliyyətinin təmin edilməsidir".