Bakı. 4 may. REPORT.AZ/ Bu gün Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbir İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Təhsil naziri Ceyhun Bayramov çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə dövlətin hərtərəfli inkişafında və dünya miqyasında tanınmasında əvəzsiz xidmətlərindən danışıb.
C.Bayramov deyib ki, ümummilli liderin təhsillə bağlı dəyərli ideyaları bu gün təhsil sahəsində islahatların aparılmasına töhfəsini verir: "Ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində hazırda təhsil sahəsində dinamik inkişaf hiss olunur".
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, ümimmilli lider Heydər Əliyevin xatirəsinin anılması, onun adı ilə bağlı tədbirlərin keçirilməsi Azərbaycada çox gözəl ənənəyə çevrilib: "Dövlətin qurulmasına və möhkəmləndirilməsinə xidmət edən insanların anılması həm də ölkədə böyük dövlətçilik ənənələrinin olduğunu göstərir. Bu müsabiqədə iştirak edən gənclər hər şeydən əvvəl ulu öndər Heydər Əliyevin dərin irsini öyrənirlər. Güman edirəm ki, Heydər Əliyev ideyaları onların həyatında bir mayaka çevriləcək, həyatda aydın mövqe tutmalarına töhfə verəcək".
Heydər Əliyev Fondunun icracı direktoru Anar Ələkbərov isə vurğulayıb ki, fond özünün göstərdiyi humanitar fəaliyyətlə beynəlxalq ictimaiyyətin rəğbətini qazanıb: "Bu da Azərbaycanın dünyada layiqincə təmsil olunmasında əvəzsiz rol oynayır. Heydər Əliyev Fondu indiyədək bir çox layihələr həyata keçirib, fondun beynəlxalq əhəmiyyətli tədbirlər keçirməsi artıq ənənə halını alıb. Bu gün belə müsabiqənin burada keçirilməsi rəmzi məna daşıyır. Bizim əsas məqsədimiz ulu öndər Heydər Əliyevin siyasətini davam etdirmək və onu gənc nəslə aşılamaq, çatdırmaqdır".
Daha sonra çıxış edənlər dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmlənməsi, ölkəmizin hərtərəfli inkişafı yolunda göstərdiyi tarixi xidmətlərdən danışıb, həmçinin bu müsabiqənin ümummilli liderin zəngin fəaliyyətinin öyrənilməsi və ictimai-siyasi irsinin təbliğində rolunu xüsusi vurğulayıblar.
Sonda “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 8 nəfər I, 14 nəfər II, 18 nəfər III dərəcəli diplomla, 25 nəfər isə tərifnamə ilə təltif olunub. Müsabiqə qaliblərinə həmçinin qiymətli hədiyyələr təqdim edilib.
Xatırladaq ki, ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.