Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanda elmi işçilər bundan sonra ölkə qanunvericiliyi ilə müəyyən edilmiş qaydada könüllülük əsasında ictimai birliklər (assosiasiya, cəmiyyət, təşkilat və s.) və fondlar yarada biləcəklər. "Report" xəbər verir ki, bu barədə müddəa Milli Məclisin gündəliyinə daxil edilən yeni "Elm haqqında" qanunda öz əksini tapıb.
Müddəaya əsasən, dövlət orqanları elmi işçilərin ictimai birliklərini könüllülük əsasında müxtəlif problemlərin həlli ilə bağlı layihələrin tərtib olunmasına, ekspertizasına, elmi maarifləndirmə, habelə müsabiqə əsasında büdcə vəsaiti hesabına maliyyələşdirilən elmi proqram və layihələrin hazırlanmasına, elmi müəssisələrin akreditasiyası və elmi işçilərin attestasiyası proseslərinə cəlb edə bilər.
Qanun layihəsində o da qeyd olunub ki, elmi işçilərin ictimai birlikləri və fondlar elmi fəaliyyətin əlaqələndirilməsi, təşkili və stimullaşdırılmasında iştirak edir, ölkə qanunvericiliyinə və öz nizamnamələrinə uyğun olaraq fəaliyyət göstərirlər.
Qeyd edək ki, "Elm haqqında" qanun layihəsi Milli Məclisin Elm və Təhsil komitəsində bu həftə müzakirə edilərək plenar iclasa tövsiyə olunub.