Coğrafiyaşünas alim Xəzər dənizinin səviyyəsinin dəyişməsinə aydınlıq gətirib

Coğrafiyaşünas alim Xəzər dənizinin səviyyəsinin dəyişməsinə aydınlıq gətirib Qərb mətbuatında yayımlanan məlumata görə, alimlər Xəzər dənizinin səviyyəsinin əsrin sonunadək 9-18 metr enəcəyi qənaətinə gəliblər.
Elm və təhsil
1836
5 Yanvar , 2021 12:07
Coğrafiyaşünas alim Xəzər dənizinin səviyyəsinin dəyişməsinə aydınlıq gətirib

Qərb mətbuatında yayımlanan məlumata görə, alimlər Xəzər dənizinin səviyyəsinin əsrin sonunadək 9-18 metr enəcəyi qənaətinə gəliblər.

“Report” xəbər verir ki, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev sözügedən məsələyə münasibət bildirib.

Alimin sözlərinə görə, Xəzər dənizi dünya okeanı ilə birbaşa əlaqəsi olmayan, ondan təcrid edilmiş dəniz olduğundan səviyyəsinin mütəmadi dəyişməsi, yəni enib-qalxması təbii bir haldır: “Dənizin səviyyəsi üzərində ilk instrumental müşahidələr 1837-ci ildən Bakıda aparılmağa başlanılıb. Çoxillik müşahidələr göstərir ki, bu son 177 il ərzində dənizin səviyyəsi 3 dəfə kəskin surətdə dəyişib. 1929-1977-ci illərdə 3 metr aşağı düşüb, 1978-1995-ci illərdə 2,5 metr qalxıb və 1996-cı ildən başlayaraq bu günə qədər dənizin səviyyəsində yenidən enmə müşahidə edilir və enmə 1,5 metr təşkil edir. Hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -28,05 metr mütləq hündürlükdədir. İnstrumental müşahidə müddətində ən böyük dəyişkənlik səviyyəsi 1862-ci ildə (-24 m) qeydə alınıb və dəyişmə amplitudu 4 m təşkil edib”.

Alim qeyd edib ki, çoxsaylı policoğrafi, arxeoloji, tarixi və müşahidə məlumatlarına əsasən, son 3,5 min il ərzində Xəzər dənizinin səviyyəsində təxminən 450-500 illik periodiklik müşahidə olunur: “200-250 il müddətində səviyyə qalxır və bu müddət ərzində də enir. Xəzərdə sonuncu ən böyük səviyyə dəyişkənliyi 1862-ci ildən enmə ilə başlayıb və bu prosesin təxminən 2050-ci illərə qədər davam edəcəyi güman edilir. Son 500 ildə dənizin ən minimal səviyyəsi 1977-ci ildə müşahidə olunub. Bu zaman səviyyənin orta illik qiyməti (-29 m) bu ilki (2020-ci il) qiymətindən 1 m az olub, yəni dənizin səviyyəsi hazırda 1 m aşağı enib. Xəzər dənizinin bu müddət ərzində (1977-2020-ci illər) hidrometeoroloji və ekoloji rejimində heç bir mühüm narahatedici hadisə baş verməyib”.

Mütəxəssis bildirib ki, Xəzər dənizində onilliklər ərzində baş verən səviyyə dəyişmələri iqlim dəyişkənliyi, yüz, min illik səviyyə dəyişmələri isə Xəzər hövzəsində baş verən tektonik proseslərlə əlaqədardır: “Hazırda gedən enmə prosesi iqlim faktoruna söykənir ki, bu da dənizin su balansı ilə müəyyən edilir. Su balansını təşkil edən elementlərin dəyişmələri Xəzərin səviyyə dəyişmələrini təyin edən əsas amildir”.

Son xəbərlər

Orphus sistemi