Cəlilabadda tarixi abidə ərazisində qazıntı işləri aparılıb, yeni mədəniyyət nümunələri tapılıb

Cəlilabadda tarixi abidə ərazisində qazıntı işləri aparılıb, yeni mədəniyyət nümunələri tapılıb Cəlilabad rayonunun Çəmənli kəndi ərazisində yerləşən Xudutəpə abidəsində arxeoloji qazıntı işlərinə başlanılıb.
Elm və təhsil
23 Avqust , 2023 16:10
Cəlilabadda tarixi abidə ərazisində qazıntı işləri aparılıb, yeni mədəniyyət nümunələri tapılıb

Cəlilabad rayonunun Çəmənli kəndi ərazisində yerləşən Xudutəpə abidəsində arxeoloji qazıntı işlərinə başlanılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, qazıntılar Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən aparılır.

Arxeoloji qazıntı işlərinə institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Anar Ağalarzadə rəhbərlik edir.

Onun sözlərinə görə, qazıntı işləri zamanı çoxtəbəqəli abidənin üst qatında orta əsrlərə aid zəngin maddi mədəniyyət nümunələri üzə çıxıb.

Arxeoloq bildirib ki, qazıntılar zamanı şirli və şirsiz saxsı məmulat, ocaq yerləri və təndir qalıqları tapılıb.

A.Ağalarzadə qeyd edib ki, aşkarlanan mis sikkənin isə Hülakülərin 9-cu hökmdarı Sultan Əbu Səid Bahadur (1305-1335) xanın adına kəsilmiş pul olduğu məlum olub.

Qeyd edək ki, hazırda abidədə arxeoloji qazıntılar dərin qatlara doğru davam etdirilir.

Xatırladaq ki, sahəsi 7 hektara yaxın olan abidə Cəlilabad-Yardımlı şose yolunun 22-ci km-də, Çəmənli və Cəlayir kəndləri arasında, hündür təbii təpə üzərində yerləşir.

İki il əvvəl abidənin şimal tərəfində aparılmış arxeoloji qazıntılar nəticəsində torpaq qəbirlər aşkarlanıb və qəbirlərdən müxtəlif dəfn avadanlıqları tapılıb.

Son xəbərlər

Orphus sistemi