Cari ildə müşahidə olunacaq Günəş və Ay tutulmalarının vaxtları açıqlanıb

Cari ildə müşahidə olunacaq Günəş və Ay tutulmalarının vaxtları açıqlanıb İlk Günəş tutulması martın 20-si saat 11:40-da başlayacaq və saat 15:48-də başa çatacaq
Elm və təhsil
18 Mart , 2015 12:09
Cari ildə müşahidə olunacaq Günəş və Ay tutulmalarının vaxtları açıqlanıb

Bakı. 18 mart. REPORT.AZ/ Cari ilin ilk Günəş və Ay tutulmalarının vaxtları açıqlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov "Report"a bildirib ki, martın 20-də Günəş, aprelin 4-də isə Ay tutulması baş verəcək.

Onun sözlərinə görə, Günəş tutulması martın 20-də saat 11:40-da başlayacaq: "Saat 15:48-də başa çatacaq təbiət hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Azərbaycanda Günəş tutulması 1 saat 30 dəqiqə ərzində müşahidə ediləcək. İnsanlar Günəş tutulmasını müşahidə etmək üçün xüsusi eynəklərdən istifadə etməlidir. Yaxud da köhnə qaydalarla - hisə verilən şüşələrlə bu təbiət hadisəsinə baxmaq olar. Ölkədə Günəş tutulmasının müşahidə olunması saat 13:46-da başlayacaq, saat 15:18-də isə başa çatacaq".

Günəş tutulması hadisəsi Azərbaycanda qismən müşahidə ediləcək. Direktor müavini qeyd edib ki, Günəş tutulması tam tutulma hadisəsi olsa da, Azərbaycanda yaşayan insanlar bunu qismən görəcəklər: "Tutulma Şimali Afrika, Şimali Asiya və Avropa ölkələrində də qismən müşahidə olunsa da, İslandiyada, Atlantik okeanının şimal hissəsində və Şimal Buzlu Okeanı hövzəsindən tutulma tam görüləcək".

O, həmçinin deyib ki, il ərzində azı 4 dəfə tutulma hadisəsi qeydə alınır: "Təbiət hadisəsindən 2-si ay, digər 2-si isə günəş tutulmasıdır. Günəş tutulması əksər vaxtlarda ay təzələnəndə, yəni ay yerlə günəş arasında olur və bir düz xətt üzrə düşəndə günəş tutulması baş verir. Ay bədirlənəndə, yəni tam işıqlaşanda da ay tutulması baş verir. Bu halda yer kürəsi ayla günəşin arasında olur. Yerin kölgəsi ayın səthinə düşdüyündən ayın tutulmasını müşahidə edirik. Misal olaraq, mart ayının 20-də günəş tutulması baş veribsə, 15 gündən sonra mütləq ay tutulması baş verməlidir".

Xıdır Mikayılov onu da əlavə edib ki, cari il üçün ilk Ay tutulması isə aprelin 4-nə təsadüf edəcək: "Növbəti ikinci Günəş tutulması sentyabrın 13-də, ikinci Ay tutulması isə sentyabrın 28-də olacaq". 

Son xəbərlər

Orphus sistemi