BSU-da payız imtahan sessiyası ilə bağlı "Açıq qapı" günü keçirilib

BSU-da payız imtahan sessiyası ilə bağlı "Açıq qapı" günü keçirilib
Elm və təhsil
178
10 Yanvar , 2018 11:20
BSU-da payız imtahan sessiyası ilə bağlı Açıq qapı günü keçirilib

Bakı. 10 yanvar. REPORT.AZ/ Bakı Slavyan Universitetində (BSU) payız imtahan sessiyası ilə bağlı "Açıq qapı" günü keçirilib.

"Report" xəbər verir ki, imtahan prosesini təhsil ekspertləri, QHT təmsilçiləri, media nümayəndələri izləyiblər.

BSU-nun rektoru Nurlana Əliyeva bildirib ki, imtahanlara hazırlıq üçün universitetdə bütün lazımi şərait yaradılıb: "Universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan şikayətlərin qısa zamanda araşdırılıb müvafiq qərarların qəbul edilməsi üçün Operativ Qərargah və Münaqişə Komissiyası yaradılıb. Artıq 135-dən çox fənn üzrə imtahan təşkil olunub".

O, Azərbaycan universitetləri arasında ilk dəfə olaraq BSU-da tələbələr üçün imtahan qərargahı ilə canlı bağlantı imkanının yaradıldığını qeyd edib.

Operativ Qərargahın rəhbəri Rafiq Novruzov bildirib ki, bu ildən etibarən universitetdə "Elektron Universitet" layihəsinin tətbiqinə başlanılacaq, imtahan sessiyasının gedişi və imtahanların yoxlanılması prosesi elektronlaşdırılacaq.

Qeyd edək ki, bu gün universitetdə 6 fakültə-tərcümə, regionşünaslıq, beynəlxalq münasibətlər, pedaqoji, jurnalistika və filologiya fakültələrində imtahan təşkil olunub. 

Foto: Firi Salim