BANM-in Prezident təqaüdçüsü: “Məhz BANM gələcək planlarımı gerçəkləşdirə bilər” - MÜSAHİBƏ

BANM-in Prezident təqaüdçüsü: “Məhz BANM gələcək planlarımı gerçəkləşdirə bilər” - MÜSAHİBƏ BANM Prezident təqaüdçüləri ilə bağlı yeni layihəyə başlayıb
Elm və təhsil
1347
23 Noyabr , 2016 11:27
BANM-in Prezident təqaüdçüsü: “Məhz BANM gələcək planlarımı gerçəkləşdirə bilər” - MÜSAHİBƏ

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsi təhsil ocağının prezident təqaüdçüləri ilə bağlı yeni layihəyə başlayıb. Şöbədən “Report”a verilən məlumata görə, layihə “BANM-in prezident təqaüdçülərinə 10 sual” adlanır. 

Sualları BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Reyhanə Kərimli cavablandırıb. “Report” həmin müsahibəni təqdim edir: 

- Öncə sizi tanıyaq...

- Mənim adım Reyhanə, soyadım Kərimlidir. 1998-ci il dekabr ayının 19-da Sabirabad rayonunda anadan olmuşam. 2005-ci ildə Belarusun Qrodno şəhərində birinci sinifə getmişəm. Daha sonra, 2007-ci ildən Bakı şəhəri Nizami rayonu 272 saylı orta məktəbdə təhsilimi davam etdirmişəm və 2016-cı ildə elə həmin məktəbin məzunu olmuşam.

- Qəbul imtahanı ilə bağlı daha çox hansı məqamlar yadında qalıb?

- İmtahan dövrü ilə bağlı unudulmaz təəssüratlarım var. Həmin dövrdə bir qədər həyəcan və narahatçılıq keçirtməyimə baxmayaraq imtahanda göstərdiyim nəticənin sayəsində bütün yorğunluq və sıxıntı bir anda xoş bir xatirəyə çevrildi.

- Nə qədər bal topladınız?

- Məqsədimin 700 bal olmasına baxmayaraq, qəbul imtahanında 690 bal toplayaraq Prezident təqaüdçülərinin sırasına daxil oldum.

- Niyə məhz BANM-i seçdiniz?

- BANM-in ilk açıldığı ildən yüksək bal toplayan tələbələrin buraya üz tutmasını görüb, “əgər nə vaxtsa yüksək bal toplasam, mən də buranı seçəcəyəm” - deyə düşünürdüm. 10-cu sinifdə oxuyanda BANM haqqında bir qədər də məlumat topladım və əmin oldum ki, məhz BANM mənim gələcək planlarımı gerçəkləşdirə bilər.

- Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?

- Ailədə mənim kiçik yaşlarımdan oxumaq həvəsimin şahidi olmuşdular və həmişə mənim təhsilimi davam etdirməyimi dəstəkləyiblər.

- Ən böyük arzunuz nədir?

- Hər bir tələbə kimi mənim də arzularım, daha doğrusu, məqsədim var. Hazırda ən böyük məqsədim BANM-də yaradılmış şəraitdən istifadə edərək peşəkar mühəndis olmaqdır.

- İxtisasınız haqqında nə demək istərdiniz?

- Mənim fikrimcə, hələlik hazırlıq kursunda oxuduğumdan ixtisasım haqqında tam məlumatım yoxdur, amma bu ixtisası seçməzdən əvvəl BANM-in rəsmi səhifəsindən və digər mənbələrdən maraqlanaraq “Proseslərin avtomatlaşdırılması mühəndısliyi” ixtisasının məhz mənim arzuladığım sahə olduğuna əmin oldum.

- Hobbiniz nədir?

- Boş vaxtımda əsasən, musiqiyə qulaq asiram, amma maraqlı kitaba rast gələndə oxuyuram, xoşuma gələn eskizlər görəndə onların rəsmini çəkirəm.

- Başqa hansı sahələrə maraq göstərirsiniz?

- Uşaqlıqdan rəqsə, gimnastikanın müxtəlif növlərinə, skripka və fortepiano musiqi alətlərinə marağım var. Həmçinin, ingilis dilindən başqa, gələcəkdə alman dilini də öyrənmək istəyirəm.

- Hansı janrda kitabları oxuyursunuz?

- Janrından asılı olmayaraq klassik əsərləri oxuyuram, amma oxuduğum kitabların içində daha çox povestlər üstünlük təşkil edir.

Son xəbərlər

Orphus sistemi