Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri qlobal neft-qaz şirkəti olan “Technip FMC”-də işə qəbul olub.
Ali Məktəbdən "Report"a verilən məlumata görə, onlar Ali Məktəbin Kimya mühəndisliyi ixtisasının V kurs tələbələri Cavid Məmmədli, Fidan Quliyeva, Cavid Məcidov, Faiq Hacıbalayev, Arzu Abdullayeva və Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbəsi Elgün Yusifovdur.
Tələbələr sözügedən şirkətdə Kiçik proses mühəndisi kimi işə başlayıblar.
Adıçəkilən tələbələr
Layihə çərçivəsində tələbələrdən Faiq Hacıbalayev, Fidan Quliyeva, Cavid Məcidov İtaliyanın Roma, Cavid Məmmədli, Arzu Abdullayeva Fransanın Lion, Elgün Yusifov isə Norveçin Bergen şəhərlərində ixtisasartırma kursunda iştirak edib.
İki aylıq nəzərdə tutulmuş kursu tələbələr dünyanı cənginə almış qlobal Koronavirus pandemiyasına görə 1 ay davam etdirməli olublar.
Buna baxmayaraq, Lion şəhərində ixtisasartırma kursunda iştirak edən Cavid Məmmədli və Arzu Abdullayeva “Yaşıl texnologiyalar”, Roma şəhərindəki tələbələr Faiq Hacıbalayev, Fidan Quliyeva və Cavid Məcidov Neft emalı sənayesi, Bergen şəhərlərindəki Elgün Yusifov isə Sualtı texnologiyalar sahəsi üzrə mentorların tapşırıqlarını uğurla yerinə yetirib, yeni biliklər və təcrübə qazanıblar.
Kursun yekununda BANM tələbələri mentorlar tərəfindən yüksək qiymətləndiriliblər və nəticədə şirkətin rəhbərliyi uğurlu fəaliyyətlərinə görə onları iş qəbul edib.
Qeyd edək ki, “Technip FMC”-nin London, Paris və Hyuston şəhərlərində qərargahları yerləşir.