Bakı. 27 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbirdə Ali Məktəbin rəhbərliyi, professor-müəllim və inzibati heyəti, həmçinin tələbələr iştirak ediblər.
Mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri öz sözlərilə açan BANM-ın rektoru Elmar Qasımov bütün BANM ailəsini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn 2019-cu il münasibətilə ürəkdən təbrik edib, onlara yeni ildə işlərində müvəffəqiyyətlər arzulayıb. Rektor bildirib ki, 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrilib və bu bayram müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla birlik və həmrəylik yaratmaq üçün böyük əhəmiyyətə malikdir.
E.Qasımov 2018-ci ilin BANM üçün çox uğurlu olduğunu və Ali Məktəb üçün bir çox yaddaqalan hadisələrin baş verdiyini deyib. Rektorun sözlərinə görə, 2018-ci ildə BANM ölkə üzrə Prezident təqaüdçülərinin sayına görə ölkədə lider olub, birinci qrup üzrə 700 ballı tələbələrin hamısının BANM-ı seçməsi də rekord göstəricidir.
Daha sonra tədbirin bədii hissəsi başlayıb. BANM-ın tələbələrinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Estrada sənəti” kafedrasının tələbələrinin repertuarları bütün iştirakçıların zövqünü oxşayıb.