BANM “Aramco” şirkəti ilə əməkdaşlığa başlayıb

BANM “Aramco” şirkəti ilə əməkdaşlığa başlayıb Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Səudiyyə Ərəbistanın milli neft şirkəti “Aramco Overseas”in nümayəndə heyəti ilə görüşüb.
Elm və təhsil
2 Oktyabr , 2019 11:58
BANM “Aramco” şirkəti ilə əməkdaşlığa başlayıb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Səudiyyə Ərəbistanın milli neft şirkəti “Aramco Overseas”in nümayəndə heyəti ilə görüşüb. 

BANM-dan "Report"a verilən məlumata görə, görüşdə “Aramco Overseas” şirkətinin Azərbaycan nümayəndəliyinin baş direktoru Ahmad M. Al Şiha, şirkətin baş direktorunun müavini Abdullah M. Al Zahrani, biznesin inkişafı üzrə meneceri Murad Sadixov, Bakı Ali Neft Məktəbinin prorektoru Rəşad Həsənov, Ali Məktəbin aidiyyatı şöbə və kafedralarının əməkdaşları iştirak edib.

E.Qasımov Ali Məktəbin yaranma tarixi, fəaliyyəti, əldə etdiyi uğurlar, tədris prosesi, yeniliklər barədə ətraflı məlumat verib. 

O bildirib ki, BANM-də yüksəkixtisaslı ingilisdilli mühəndis kadrları hazırlanır. Bununla yanaşı, “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil həyata keçirilir.

Bundan başqa, rektor BANM-in tələbələrinin nüfuzlu yerli və transmilli şirkətlərdə istehsalat təcrübəsi keçdiyini vurğulayaraq, Ali Məktəbin “Aramco Overseas” ilə bu istiqamətdə birgə əməkdaşlığa maraqlı olduğunu deyib: “Hazırda Səudiyyə Ərəbistanın ən böyük milli neft şirkətinin Bakıda nümayəndəliyi fəaliyyət göstərir. Biz qısa zamanda əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə maraqlıyıq. Çox istərdik ki, Bakı Ali Neft Məktəbinin tələbələri təmsil etdiyiniz şirkətdə təcrübə keçsin, eyni zamanda, Səudiyyə Ərəbistanlı tələbələr BANM-də təhsil alsınlar. Eyni zamanda, “Aramco Overseas” tərəfindən təsis edilən təqaüd proqramlarında azərbaycanlı tələbələrin də iştirakı arzuolunandır”.

“Aramco Overseas” şirkətinin Azərbaycan nümayəndəliyinin baş direktoru Ahmad M. Al Shiha öz növbəsində bildirib ki, Azərbaycanın Səudiyyə Ərəbistanla intensiv sosial-iqtisadi, mədəni əlaqələri mövcuddur: “Bu gün bizim şirkətin əsas ofisində neft-qaz, mühasibatlıq, hüquq departamentlərində ləyaqətli, peşəkar azərbaycanlılar işləyir. Bilirəm ki, Azərbaycanda insanlar hədəfə köklənir. “Aramco Overseas” şirkəti hər zaman yeni kadrlar axtarışındadır. Elə bu səbəbdən də, yeni peşəkar kadrların işə cəlb olunması istiqamətində BANM-in məzunlarından faydalana bilərik. Zəruri təlimlərdən sonra onların işə qəbul olunması mümkündür. Biz şirkət olaraq Səudiyyə Ərəbistanlı tələbələrin tam təqaüdlə Bakı Ali Neft Məktəbində təhsil almasını təmin edə bilərik. Hər il bizim şirkətin təqaüd proqramları çərçivəsində 500-dək tələbə Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Koreya, Yaponiya, Çin, Sinqapur və Almaniya kimi ölkələrdə təhsil alırlar”.

Baş direktor həmçinin, BANM-nin mütəxəssislərinin “Aramco Overseas” şirkətinin əməkdaşları üçün təlimlər keçməsini təklif edib.

Sonda, birgə əməkdaşlığın genişləndirilməsi üçün memorandumun imzalanması qərara alınıb.

Qeyd edək ki, baş ofisi Səudiyyə Ərəbistanın Dahran şəhərində yerləşən “Aramco Overseas” neftin hasilatı və neft ehtiyatlarının həcmi baxımından dünyanın ən böyük neft şirkətlərindən biridir.

Şirkət 1933-cü ildə Səudiyyə Ərəbistan hökuməti və ABŞ-ın “Standard Oil of California” şirkəti tərəfindən təsis olunub.

“Aramco” 260 milyard barel neft ehtiyatları yataqlarını idarə edir ki, bu dünyada kəşf olunmuş neft yataqlarının dörddə bir hissəsini təşkil edir. Şirkət həmçinin ölkə ərazisində müasir neft və qaz emalı zavodlarına sahibdir. 2018-ci ilin aprel ayından şirkətin Bakıda Azərbaycan nümayəndəliyi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi