Bakıda Fransa-Azərbaycan Universiteti açılacaq

Bakıda Fransa-Azərbaycan Universiteti açılacaq Azərbaycanda fransız xəstəxanasının yaradılması da nəzərdə tutulub
Elm və təhsil
27 May , 2015 10:54
Bakıda Fransa-Azərbaycan Universiteti açılacaq

Bakı. 27 may. REPORT.AZ/ "Fransanın bir neçə universiteti ilə sıx əlaqəmiz var və bu, ali təhsil ocaqları ilə əməkdaşlığımızı həm kəmiyyət, həm də keyfiyyət nöqteyi-nəzərindən genişləndirməkdə maraqlıyıq". "Report" xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, deputat Əhliman Əmiraslanov Fransanın Bakıdakı səfiri Paskal Mönye ilə görüşü zamanı deyib. 

O, səfirə ATU haqqında məlumat verərək bildirib ki, universitet Azərbaycanda həkim və əczaçılıq sahəsində mütəxəssis hazırlayan yeganə ali təhsil müəsissəsidir: "Universitetə ildə təxminən 1000 tələbə qəbul edilir. Hazırda 7000-ə yaxın tələbə oxuyur. Avropa universitetləri ilə müqayisədə böyük olmasa da, bütövlükdə Azərbaycanın aparıcı ali ocaqlarından biridir. ATU-da 160-dan çox professor, 700-dən çox fəlsəfə doktoru, dosent var. Universitetdə 1000 xarici vətəndaş təhsil alır. Son illərdə universitetin dörd yeni klinikası inşa olunub və istifadəyə verilib".

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye artıq üçüncü dəfədir ki, Tibb Universitetində qonaq olduğunu diqqətə çatdırıb: "Bakıya gələndə ilk dəfə məhz Tibb Universitetini ziyarət etmişdim. Universitetinizə xüsusilə minnətdaram ki, iki dəfə fransız dili üzrə müsabiqə keçirməyimizə şərait yaratmısınız. Fransa ilə Azərbaycan arasında siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə yüksək əlaqələr mövcuddur. Bizim bir layihəmiz də var. Fransa-Azərbaycan Universitetinin yaradılmasını nəzərdə tutmuşuq. Bir neçə həftədən sonra Azərbaycan tərəfi layihədə pilot universitet kimi hansı ali təhsil ocağının iştirak edəcəyini müəyyənləşdirəcək. Eyni zamanda, Azərbaycanda fransız xəstəxanasını yaratmağı düşünürük".

Görüşdə iştirak edən Fransanın "Opere Singulari" şirkətinin prezidenti Rim Sabbah, vitse-prezidenti Pyer Erbo şirkətləri haqqında ətraflı məlumat veriblər. 

Rim Sabbah bildirib ki, rəhbərlik etdiyi şirkət təkcə tibb sahəsində deyil, başqa sahələrdə də geniş imkanlara malikdir. O, gələcəkdə Azərbaycan Tibb Universiteti ilə əlaqələrini genişləndirəcəklərini qeyd edib.

Son xəbərlər

Orphus sistemi