Bakı. 4 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) və ABB (İsveç-İsveçrə şirkəti) arasında Əməkdaşlıq haqqında Memorandumunun imzalanma mərasimi keçirilib. "Report" xəbər verir ki, tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov Azərbaycanın dünyada sənaye üsulu ilə ilk neft çıxaran ölkə olduğundan bəhs edib. Elmar Qasımov neft-qaz və kimya sənayesinin ölkə iqtisadiyyatının inkişafında əsas rol oynadığını və bu sahədə mütəxəssislərin hazırlanmasının ARDNŞ-nin fəaliyyətinin inkişafında vacib istiqamət olduğunu qonaqların nəzərinə çatdırıb. ARDNŞ-nin Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi beynəlxalq layihələrdən söz açan rektor qonaqlara Ali Məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları, perspektivləri və dünyada tanınmış neft-qaz şirkətləri ilə qurulan əməkdaşlığı haqqında məlumat verib.
ABB şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rüstəm Qasımov “ABB şirkətinin yerli infrastrukturun inkişafına təsiri” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, 1883-cü ildə təsis edilən və baş ofisi Sürix şəhərində yerləşən ABB şirkəti elektrotexnologiyalar və avtomatika sahəsində aparıcı şirkətlərdən biri olaraq dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir.
Tədbirdə BANM ilə ABB şirkəti arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Böyük Britaniya parlamentinin üzvü və baş nazirin Qazaxıstan, Azərbaycan və Türkmənistan regionunda Ticarət məsələləri üzrə elçisi Çarlz Hendri professor-müəllim heyəti və tələbələr qarşısında çıxış edib. Ç.Hendri Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əlaqələrin inkişafından danışaraq iki ölkə arasında, nəinki energetika və humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb.