Bakı. 7 yanvar. REPORT.AZ/ Bu ay Quba şəhərində monitorinq aparılacaq. Monitorinqin 1 həftə müddətində, 3 nəfərlik heyətlə aparılması planlaşdırılır. Əsas məqsəd Quba şəhərində küçə adları, reklam və elan lövhələrində Azərbaycan dilinin qaydalarına nə dərəcədə əməl olunmasını müəyyənləşdirməkdir. Bu işi AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsi müstəqil şəkildə aparır. Təbii ki, monitorinq yerli icra orqanlarının əməkdaşlığı ilə aparılacaq. Bu barədə "Report"a AMEA-nın Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli məlumat verib.
O bildirib ki, həm bölgələrdə, həm də böyük şəhərlərdə monitorinqlərin aparılması planlaşdırılır: "Bu il biz həmçinin Şamaxıda, Sumqayıtda, Bərdədə, Yevlaxda, Gəncədə monitorinqlərin aparılmasını nəzərdə tutmuşuq".
Şöbə müdiri həmçinin qeyd edib ki, Bakı şəhərində Səbail, Nəsimi və Nərimanov rayonları ərazisində küçə adları, afişalar, reklam lövhələrinin dili üzərində müşahidələrin aparılması barədə məlumat verilmişdi: "Hazırda Nəsimi rayonu üzrə monitorinq bitib, xüsusi proqram əsasında nəticələr təhlil olunur. Səbail rayonunda isə işin dayandırılması planlaşdırılır. Çünki artıq rayonun mərkəzi küçələrində olan reklam lövhələrinin bir çoxu dəyişdirilib. Xidmət sahələrinin, küçələrin, iri mağazaların adlarındakı yanlışlıqların hamısı aradan qaldırılır. Bu, rayon icra hakimiyyətinin təşəbbüsüdür və biz bu işi alqışlayırıq. Gələcəkdə bu məsələlərin yoluna qoyulması üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə birbaşa əməkdaşlıq etməyi planlaşdırırıq. Hazırda Azərbaycan Reklamçılar İttifaqı ilə sıx əməkdaşlıq edirik".