Azərbaycanda təhsilalanların sayı açıqlayıb.
Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, bu gün 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 974-ü ali, orta ixtisas və orta təhsilə malikdir.
İlkin məlumatlara əsasən, 2022-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1692 dövlət və 133 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 127 min uşaq tərbiyə alır. 2021/2022-ci tədris ilinin əvvəlinə ölkənin 4394 dövlət və 32 qeyri-dövlət ümumi təhsil müəssisələrində (məktəbəhazırlıq qruplarında təhsilalanlar da daxil olmaqla) 1,7 milyon nəfər təhsil alıb.
Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6,9 min uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində təşkil edilmiş xüsusi siniflər fəaliyyət göstərib. Ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 20 faiz olub.
2021/2022-ci tədris ilinin əvvəlinə şagirdlərinin sayı 63,9 min nəfər olan 115 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərib. 2021-ci ildə əyani ümumi təhsil müəssisələrini bitirən 83,4 min nəfər məzundan 82,8 min nəfəri və ya 99,3 faizi tam orta təhsil haqqında attestat alıb.
2021/2022-ci tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 59 orta ixtisas təhsil müəssisəsində 63,1 min tələbə təhsil alıb, onların 61,6 faizini qadınlar təşkil edib. Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən 40 dövlət və 11 qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də 26 elmi təşkilatda təhsil alanların sayı 212,2 min nəfər olub ki, onların da 49,3 faizini qadınlar təşkil edib.
2021-ci ildə ölkənin ali təhsil müəssisələrinə 46 min nəfər tələbə qəbul olunub və qəbul geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib. Bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 49,2 faiz olub ki, onların da 77 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.
Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 50,5 faizi təqaüd alır. Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı 82 xarici ölkədən 6,4 min tələbə də təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, İraq, Pakistan İslam Respublikası, Hindistan və Çinin vətəndaşları üstünlük təşkil edirlər. 2021/2022-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 717 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 29 faizi Bakı, 71 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Rusiya, Macarıstan, Çin, Birləşmiş Krallıq və Latviyanın ali təhsil müəssisələrində təhsil alır.