Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) struktur dəyişikliyi aparılacaq və 19 kafedra bağlanacaq.
"Report" xəbər verir ki, ADNSU-nun rektoru Mustafa Babanlı bildirib ki, universitetdə kafedraların birləşdirilməsi işləri gedir: "Hazırda universitetdə 47 kafedra var. Fevral ayında kafedraları birləşdirəcəyik. Birləşmədən sonra 28 kafedra qalacaq".
Onun sözlərinə görə, hazırda universitetin laboratoriyaları da yenilənir.
Rektor deyib ki, ADNSU-da semestr imtahanlarının gələcəkdə şifahi formada götürülməsi planlaşdırılır: "Bunun üçün müəllimlərin dürüst olduqlarına, prosesin şəffaf keçəcəyinə tam əmin olmalıyıq. Bu il universitetdə qeyd edilən məsələ ilə bağlı bir eksperiment keçirmişik. Universitet üzrə 700 müəllimdən ancaq 14-ü şifahi imtahan götürmək üçün seçilib. Dekanlıqlar onların işinə qarışmır. O müəllimlər tələbənin sevimliləridir, çünki onlar düzgün, təmiz və rüşvətdən uzaq təhsil işçiləridir".
Rektorun sözlərinə görə, növbəti seçimlərdə şifahi imtahan götürən müəllimlərin sayının çoxalacağı istisna deyil: "İmtahan götürən müəllimlər ictimai rəyə əsasən seçilib".