Azərbaycan tələbə-könüllülərinin Forumu keçirilib

Azərbaycan tələbə-könüllülərinin Forumu keçirilib Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan tələbə-könüllülərinin Forumu keçirilib.
Elm və təhsil
10 Dekabr , 2019 16:19
Azərbaycan tələbə-könüllülərinin Forumu keçirilib
Report / Firi Salim

Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan tələbə-könüllülərinin Forumu keçirilib.

"Report" xəbər verir ki, forumda Təhsil naziri Ceyhun Bayramov, Gənclər və İdman naziri Azad Rəhimov, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti, deputatlar, 400-dən çox tələbə-könüllü və digər qonaqlar iştirak ediblər.

BDU-nun 100 illiyinə həsr olunan forumun keçirilməsində məqsəd tələbələr arasında könüllülük hərəkatının inkişafına, onların ictimai həyatda fəal iştirakının stimullaşdırılmasına dəstək göstərməkdən ibarətdir.

Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra tələbələrin könüllülük fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Forum iştirakçılarını salamlayan Təhsil naziri Ceyhun Bayramov tədbirin əhəmiyyətini diqqətə çatdıraraq ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti, bu istiqamətdə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verib.

Nazir bu gün savadlı və hazırlıqlı, innovativ texnologiyalara dərindən yiyələnən, milli dəyərlərə sahib, qloballaşan dünyanın çağırışlarına hazır olan gənc nəslin yetişdirilməsinin Azərbaycan təhsilinin başlıca hədəfi olduğunu vurğulayıb.

Təhsil Nazirliyi tərəfindən reallaşdırılan çoxsaylı layihələr içərisində “Bir” Tələbə-Könüllü Proqramının mühüm yer tutduğunu bildirən Ceyhun Bayramov qeyd edib ki, son illərdə ölkədə keçirilən beynəlxalq səviyyəli tədbirlərin təşkilində tələbə-könüllülərin fəaliyyəti danılmazdır.

Nazirin sözlərinə görə, “Bir” tələbə-könüllüləri beynəlxalq tədbirlərin uğurla keçirilməsinə öz töhfələrini verirlər: "Bu isə, öz növbəsində, növbəti illərdə Azərbaycanda keçiriləcək ölkə və beynəlxalq miqyaslı tədbirlər üçün keyfiyyətli və təcrübəli könüllülər ordusu deməkdir".

“Bir” Tələbə-Könüllü proqramı BMT-nin İnkişaf Proqramının Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən və könüllülüyü uğurla təbliğ edən ən böyük tələbə-könüllü platforması olduğuna görə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti tərəfindən mükafatlandırılıb.

Tədbir çərçivəsində “Bir” Tələbə-Könüllü Proqramının hesabatı təqdim olunub. Həmçinin ilin ən fəal tələbə-könüllüləri mükafata layiq görülüblər.

Tədbir könüllülərin himninin ifası ilə başa çatıb.

Forum Təhsil Nazirliyi və “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilib.

Qeyd edək ki, "Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Hazırda 26 ali və 18 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 23000-dən artıq könüllü bazasına sahibdir.

Son xəbərlər

Orphus sistemi