“Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları üçün keçirilən təlimin əsas məqsədi onların liderlik keyfiyyətlərini təkmilləşdirmək, o cümlədən onlardan təcrübədə istifadə etmək olub”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova deyib.
Onun sözlərinə görə, təlim ödənişsiz olub və Azərbaycan dilində aparılıb: “Hazırda rəqəmsal inkişaf və nəqliyyat naziri ilə növbəti təlimlərin keçirilməsi müzakirə olunur”.
N.İsmayılova proqramın uğurla həyata keçirilməsindəki roluna görə təşkilatçılara, qonaqlara və iştirakçılara minnətdarlığını bildirib: "Proqram çərçivəsində iştirakçılara 11 mövzu ətrafında hərtərəfli anlayış əldə etməyə imkan verən bir sıra sessiyalar, seminarlar və praktiki məşğələlər keçirilib".
Xatırladaq ki, iyunun 22-də ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutu (IDD) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən təlim proqramının bağlanış mərasimi baş tutub. ADA Universitetində keçirilən tədbirdə intensiv təlim keçmiş iştirakçıların nailiyyətləri və peşəkar yüksəlişləri qeyd olunub.
Ötən ilin oktyabr ayından etibarən başlayan təlim proqramı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müxtəlif qurumlarını təmsil edən 200 əməkdaşı bir araya gətirib. Nazirlikdə fəaliyyət göstərən peşəkarların potensialının gücləndirilməsi və kadrların fəaliyyətində səmərəliliyin artırılması məqsədilə keçirilən proqram müxtəlif sessiyalar və interaktiv seminarlarla iştirakçıları əvəzolunmaz bilik və praktiki bacarıqlarla təmin edib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri, İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Fidan Fərzəliyeva iştirakçıları proqramı başa vurmaları münasibətilə təbrik edib və proqram zamanı əldə olunan bacarıqların onlara gələcək karyeralarında uğur qazandıracağına əminliyini ifadə edib.
ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva iştirakçıların peşəkar inkişafının təşviqində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə göstərilən səylərdən və bu sahədə əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
Səkkiz ay davam edən intensiv proqramda iştirak edən peşəkarlar öz təəssüratlarını bölüşdükdən sonra onlara sertifikatlar təqdim edilib və xatirə şəkli çəkilib.