ADA Universitetində “Məzun günü” keçirilib

ADA Universitetində “Məzun günü” keçirilib ADA Universitetində “Məzun günü” keçirilib.
Elm və təhsil
13 İyun , 2023 19:17
ADA Universitetində “Məzun günü” keçirilib

ADA Universitetində “Məzun günü” keçirilib.

"Report" xəbər verir ki, tədbirdə tələbələrlə yanaşı, onların ailə üzvləri, professor-müəllim və işçi heyəti, eləcə də dövlət və özəl qurumları təmsil edən qonaqlar iştirak ediblər.

Tədbir ali məktəbdə təhsil alan əcnəbi tələbələr tərəfindən təmsil edilən ölkələrin bayraqlarının səhnəyə gətirilməsi və Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Builki bakalavr məzunları adından İnci Rüstəmova və Fatimə Davudlu, magistr məzunlarını adından isə Murad Malik Aslanov ADA təhsili sayəsində əldə etdikləri nailiyyətlərdən bəhs edib və buradakı təhsil dövrü ərzində yaşadıqları ən unudulmaz anları yada salıblar.

Məzunlar onların akademik, şəxsi və peşəkar inkişafında əvəzsiz rolu olan ADA Universitetinin müəllimlərinə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə çıxış edən ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal tələbələrin, məzunların və müəllim heyətinin uğurlarından söhbət açıb və onların məzuniyyətinin xüsusi bir dövrə - “Heydər Əliyev İli”nə təsadüf etdiyini vurğulayıb: “Hansı ildə məzun olmanıza baxmayaraq və harada olmanızdan asılı olmayaraq, sizin daim ADA dəyərlərinin daşıyıcısı olacağınıza və burada aşılanan layiqli vətəndaş prinsiplərinə hər zaman sadiq qalacağınıza əminəm”.

Mərasimin xüsusi qonağı olan Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov və ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxış edərək məzunlara peşəkar həyatlarında uğur qazandıracaq dəyərli tövsiyələr verib.

Çıxışlardan sonra diplomların təltifetmə mərasimi olub.

Tədbirin rəsmi hissəsindən sonra bədii proqram olub, məzunlar klassik və müasir musiqilərin fonunda əyləncəli anlar keçiriblər.

Qeyd edək ki, tədbirin qonaqları qismində mədəniyyət naziri Adil Kərimli, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və digər dövlət qurumlarından səlahiyyətli şəxslər iştirak ediblər.

Xatırladaq ki, ümumilikdə 2022-2023-cü akademik il üzrə ADA Universitetində 8 bakalavr və 8 magistr ixtisası üzrə 571 tələbə məzun olub. Məzun olan tələbələrin 548-i yerli, 23-ü isə əcnəbidir.

Builki məzunlardan olan əcnəbi tələbələr 14 müxtəlif ölkəni təmsil ediblər. Həmin ölkələr arasında Belarus, Gürcüstan, İndoneziya, İran, Meksika, Moldova, Mozambik, Özbəkistan, Qazaxıstan, Rusiya Federasiyası, Seyşel Adaları, Sudan, Tacikistan, Ukrayna yer alıb.

Son xəbərlər

Orphus sistemi