"ADA” Universiteti və Abdulla Gül Universiteti əməkdaşlıq edəcək

"ADA” Universiteti və Abdulla Gül Universiteti əməkdaşlıq edəcək İki universitet arasında əməkdaşlığa və tələbə mübadiləsinə dair anlaşma memorandumları imzalanıb
Elm və təhsil
11 Aprel , 2017 20:11
ADA” Universiteti və Abdulla Gül Universiteti əməkdaşlıq edəcək

Bakı. 11 aprel. REPORT.AZ/ "ADA" Universiteti Türkiyənin daha bir ali təhsil ocağı ilə əməkdaşlığa başlayır. 

ADA Universitetində bu gün baş tutan imzalanma mərasimində Xarici İşlər Nazirinin müavini, rektor Hafiz Paşayev və Abdulla Gül Universitetinin rektoru professor İhsan Sabunçuoğlu iki sənəd - əməkdaşlığa və tələbə mübadiləsinə dair anlaşma memorandumları imzalayıblar. 

İmzalanma mərasimində Türkiyənin sabiq prezidenti Abdulla Gülün başcılığı ilə universitetin nümayəndə heyəti iştriak edib.

A.Gül təhsil və tədris proqramlarında xüsusi marağını ifadə edərək vurğulayıb ki, hər bir ölkə üçün ən yaxşı sərmayə məhz təhsil sahəsinədir. 

Rektor Hafiz Paşayevlə fikir mübadiləsi zamanı yeni tərəfdaşlar bildiriblər ki, Abdulla Gül Universiteti və ADA Universiteti arasında məqsəd, məram, təhsil fəlsəfəsi və təklif etdiyi ixtisaslar baxımından çox oxşarlıqlar var. Bu baxımdan hər iki ali təhsil ocağı arasında qurulacaq əməkdaşlıq qarşılıqlı fayda verəcək.

Memorandumlara əsasən tərəflər birgə akademik və tədqiqi layihələr həyata keçirəcək, müəllim heyəti və tələbə mübadiləsi aparacaqlar. 

Türkiyəli qonaqlar ADA Universitetinin tədris mərkəzi ilə də tanış olublar. Sabiq prezident həmçinin universitetdə fəaliyyət göstərən tələbə “Musiqi Klubu”nun təşkil etdiyi konsertdə də iştirak edib və ADA-da şahidi olduğu fəal tələbə həyatını məmnunluqla söyləyib.

Xatrladaq ki, Türkiyənin sabiq prezidenti Abdulla Gül 2015-ci ildə iqtisadiyyat elmində nailiyyətlərinə və Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsində müstəsna xidmətlərinə görə "ADA" Universitetinin fəxri doktoru adına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi