Zaqatalanın mərkəzində antisanitariya və xəstəliklər mənbəyi - zibil poliqonu

Zaqatalanın mərkəzində antisanitariya və xəstəliklər mənbəyi - zibil poliqonu Zaqatalanın Şimal-qərb massivinin sakinləri illərdir ki, yaxınlıqdakı məişət tullantıları poliqonunun yaratdığı antisanitariya vəziyyətindən əziyyət çəkirlər.
Ekologiya
9 Mart , 2022 18:39
Zaqatalanın mərkəzində antisanitariya və xəstəliklər mənbəyi - zibil poliqonu

Zaqatalanın Şimal-qərb massivinin sakinləri illərdir ki, yaxınlıqdakı məişət tullantıları poliqonunun yaratdığı antisanitariya vəziyyətindən əziyyət çəkirlər.

Bu barədə "Report"un yerli bürosuna həmin ərazidə yaşayan sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, 20 il əvvəl Zaqatalada Şimal-qərb massivi yaradılıb:

"Bura şəhər mərkəzinə yaxın olduğu üçün yaşamağa əlverişli yerdir. Lakin 72 il əvvəl salınan məişət tullantıları poliqonu massivin yaxınlığında olduğu üçün buradakı antisanitariya və üfunət qoxusu insanları narahat edir".

Məlumata görə, 20 il ərzində 800 ailə, ümumilikdə 4 000-ə yaxın insan yeni yaşayış massivində məskunlaşıb:

"Buradakı zibil poliqonu yeni yaşayış massivinə köçən hər kəsi narahat edən və insanların narazılıqlarına səbəb olan ən böyük problemlərdən biri idi. O vaxt rayon rəsmiləri narazı sakinlərə deyirdilər ki, zibil poliqonunu 2-3 ilə başqa əraziyə köçürəcəklər. Artıq 20 il keçib. Hələ də bu, xəstəliklərin mənbəyi olan zibil poliqonunu köçürməyiblər".

Yerli sakinlər qeyd ediblər ki, zibil poliqonu salınan vaxt buranın ərazisi 2 hektar olub:

"Zibil poliqonu salındığı gündən bu yana ərazisi 2 dəfəyə qədər artıb. İndi buranın ərazisi 3,5-4 hektara yaxındır. Və zaman keçdikcə buranın ərazisi daha da genişlənir. İllərdir pis qoxu və küləyin havada uçurduğu tullantıların əlindən təmiz hava ala bilmirik. Xəstəliklərin mənbəyinə çevrilən poliqonda sahibsiz itlərə, hətta mal-qara və atlara da rast gəlmək mümkündür".

Məsələ ilə bağlı Zaqatala Rayon Kommunal Müəssisələri Kombinatının baş mühəndisi Arif Kərimov "Report"un yerli bürosuna bildirib ki, yaxın zamanlarda problem öz həllini tapacaq:

"Məişət tullantıları poliqonunun ərazidən köçürülməsi istiqamətində işlər gedir. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə rayonun Mazıx kəndi ərazisində məişət tullantılarının atılması üçün torpaq sahəsi ayrılıb. Həmin ərazidə yeni müasir tipli zavodun tikilməsi planlaşdırılır".

Son xəbərlər

Orphus sistemi