"Xəzər: Ətraf mühit üçün texnologiyalar" sərgisində 10 ölkə iştirak edəcək

"Xəzər: Ətraf mühit üçün texnologiyalar" sərgisində 10 ölkə iştirak edəcək Nazir müavini: "Sabah sərgi ilə əlaqəli çox maraqlı görüşlər keçiriləcək və əməkdaşlıq sazişləri bağlanacaq"
Ekologiya
17 Noyabr , 2015 12:47
Xəzər: Ətraf mühit üçün texnologiyalar sərgisində 10 ölkə iştirak edəcək

Bakı. 17 noyabr. REPORT.AZ/ "Xəzər: Ətraf mühit üçün texnologiyalar" VI beynəlxalq ətraf mühit sərgisinin açılışı ilə əlaqədar mətbuat konfransı keçirilib. "Report"un xəbərinə görə, mətbuat konfransında çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, noyabrın 18-dan 20-nə kimi "Bakı Ekspo Mərkəzi"ndə baş tutacaq sərgi Xəzəryanı və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi üzrə keçirilən mühüm tədbirdir. 

O bildirib ki, sərgi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyi tərəfindən dəstəklənir: "Bu sərginin keçirilməsi ənənə halını alıb. Sabah da sərgi ilə əlaqəli çox maraqlı görüşlər keçiriləcək və əməkdaşlıq sazişləri bağlanacaq".

Sərginin meneceri Jalə Məmmədova deyib ki, sərgidə ümumilikdə 10 ölkədən 35 şirkət iştirak edəcək: "Azərbaycan, Almaniya, Çexiya, İsveçrə, Rusiya, Serbiya, Türkiyə və digər ölkələrdən gələn şirkətlər bir meydançada toplanacaq. Sərgiyə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, habelə "Təmiz Şəhər" ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və digər qurumları iştirak edəcək. Sərgi zamanı ən son məhsullar, bərk tullantıların toplanması və utilizasiyası sistemləri, alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsullar nümayiş olunacaq".

Onun sözlərinə görə, sabah Bolqarıstanın ətraf mühit və sular naziri İvelina Vasilyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşlər keçiriləcək: "İkinci gün isə Çex Respublikasının şirkətləri görüşlər təşkil edəcək. Ümumilikdə əsas diqqəti ətraf mühit problemlərinə və onların həlli yollarına cəlb etməklə yanaşı, "СТЕ-2015" sərgisində təbii resursların səmərəli istifadəsi sahəsində ən son məhsullar, bərk tullantıların toplanması və utilizasiyası sistemləri, alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsullar nümayiş olunacaq".

Qeyd edək ki, sərginin təşkilatçısı "Caspian Event Organisers" (CEO) şirkətidir. "СТЕ-2015" sərgisi Azərbaycan, Almaniya, Çexiya, Rusiya, Türkiyə, İsveçrə və digər ölkələrdən olan şirkətləri bir araya toplayacaq. Bu il keçiriləcək sərginin debütantları arasında İsveçrə, Çexiya və Rusiya şirkətləri yer alır. Tümen vilayəti Ticarət-Sənaye Palatasının stendində üç Rusiya şirkətinin ekspozisiyası təqdim olunacaq. Sərginin debütantları tullantıların utilizasiyası və emalı üzrə avadanlıqlar, sutəmizləmə sistemləri və bir sıra digər məhsulları təqdim edəcəklər.

Son xəbərlər

Orphus sistemi