Su hövzələrində balıq populyasiyasının artırılmasına, ekosistemin qorunmasına və su bioresurslarının bərpasına töhfə vermək məqsədilə bu gün Şəmkir və Yenikənd su anbarlarına balıq körpələri buraxılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) rəsmilərinin, yerli icra hakimiyyəti əməkdaşlarının və məktəblilərin iştirakı ilə balıqartırma zavodlarında yetişdirilən 200 min çəkikimi balıq körpəsi su anbarlarına buraxılıb.
ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə təbii su hövzələrinə balıq buraxılışı oktyabrın sonunadək davam edəcək.
Xidmət rəsmisi balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında balıq yetişdirən müəssisələri yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verməyə, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən imtina etməyə çağırıb.