Azərbaycana gətirilən zubrlar yerli mühitə, öncə gətirilən zubrların genetikasına uyğun olaraq xüsusi seçilir.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyinin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev "Report"un Qərb bürosuna Azərbaycana yeni gətiriləcək zubrlarla bağlı danışarkən bildirib.
Azərbaycanda zubrların bərpası istiqamətində aparılan işlər əsasında ölkəyə daha 9 zubr gətirilməsi planlaşdırıldığını deyən Rəşad Allahverdiyev vurğulayıb ki, gətiriləcək zubrlar Azərbaycan mühitinə, öncə gətirilən zubrların genetikasına uyğun olaraq xüsusi seçilir və öncə Şahdağ Milli Parkının ərazisinə gətirilib orada saxlanılacaq, sonradan sərbəst olaraq təbiətə buraxılacaq.
"Azərbaycanda zubrların nəsli kəsilmişdi. Bunun bərpası üçün bizim uzun müddətdir ki, xüsüsi proqramımız var və bu istiqamətdə işlər davam etdirilir. Bundan öncə 9 zubr gətirilmişdi. Bunun davamı olaraq yenə Avropanın müxtəlif zooparklarından Azərbaycana daha 9 zubr gətirilməsi planlaşdırılıb" - deyə R.Allahverdiyev bildirib.