Qax şəhərində “YCAC2024 - Young Climate Ambassadors Conference” (Gənc İqlim Elçiləri Konfransı) adlı tədbir keçilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, tədbir Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi, Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, ekologiya sahəsi üzrə maraqlanan yerli və xarici tələbələr iştirakı ilə baş tutub.
Qax rayon İcra hakimiyyətinin başçısı Musa Şəkiliyev açılış nitqində iştirakçıları salamlayaraq layihənin gələcək iqlim elçilərinin formalaşmasında mühüm rol oynayacağına əmin olduğunu qeyd edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun şücaəti ilə Vətən müharibəsində qazanılmış zəfər fonunda tarixi bir dövrdə yaşadığımızı, həmçinin COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayıb.
7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif Məmmədov çıxışı zamanı ekologiyayönümlü tədbirlərin keçirilməsinin və Prezident İlham Əliyevin sərəncamına, əsasən, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olduğunu qeyd edərək ekologiyanı daima nəzarətdə saxlayıb, qorumağın vacib olduğunu bildirib.
Azərbaycan Turizm və Menecment Universitetinin rektor köməkçisi Samir Məhərrəmov nitqində bu kimi beynəlxalq əhəmiyyətli layihələrin təşkil olunmasının tələbələrin təcrübi bacarıqlarının formalaşmasına göstərdiyi müsbət təsirlərdən və layihənin gələcək perspektivlərindən söz açıb.
Rəsmi açılış mərasimi ATMU TGT sədri Samir Abdullayevin Gənc İqlim Elçiləri Konfransı haqqında təqdimatı ilə yekunlaşıb.
Layihə ərzində iştirakçılar üçün “Dayanıqlı inkişaf naminə”, “Ekologiya və ətraf mühitin mühafizəsi”, “Ekoturizm haqqında”, “COP29” mövzusunda təlimlər, seminarlar və görüşlər, o cümlədən asudə vaxtın səmərəli dəyərləndirilməsi üçün Qaxın gəzməli və görməli tarixi abidələrinə səfərlər təşkil olunub.
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək olub.