Bakı şəhərində sahibsiz heyvanların qidalanmasına dəstək məqsədilə pilot layihə həyata keçirilir.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova "Report"a bildirib ki, layihə çərçivəsində heyvanların qidalanmasına xidmət edən sahibsiz heyvanların bəslənmə köşkləri ilkin olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasının qarşısında qurulub.
A.Səmədova qeyd edib ki, enerjiyə qənaət məqsədilə köşklər günəş enerjisi ilə təmin olunub: " Yerləşdirilən iki ədəd köşkdən biri qurğuya ödəniş etməklə, digəri isə istifadə olunmuş plastik qabdan istifadə mexanizmi əsasında işləyəcək və 40 qram yemin alınması mümkün olacaq. Köşkdə yığılan plastik qab tullantıları təkrar emal üçün “AzEkol” şirkəti tərəfindən toplanaraq təkrar emal ediləcək. Pilot layihənin həyata keçirilməsində məqsəd qayğıya ehtiyacı olan sahibsiz heyvanlara mərhəmət və sevgi göstərilməsi ənənəsini formalaşdırmaq, eyni zamanda plastik tullantıların təkrar emalına dəstək göstərməkdir”.