Qax, Şəki, Samux rayonları ərazisində Axar-Baxar silsiləsinin ətəyində milli parkın yaradılması ilə bağlı artıq işlərə başlanılıb.
"Report"un Cənub bürosu xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Lənkəranda Hirkan Milli Parkının yaranmasının 20 illiyi münasibətilə keçirilən elmi-praktiki konfransda deyib.
Onun sözlərinə görə, xəritələrin dəqiqləşdirilməsi işləri aparılır. Bundan başqa, İlisu Dövlət Qoruğunun milli park statusunda fəaliyyətini davam etdirməsi ilə bağlı da işlər görülür.
Nazir müavini bildirib ki, Xarici İşlər Nazirliyi ötən ilin sentyabrında Hirkan Milli Parkının ərazisinin UNESCO-nun təbii irs siyahısına salınması ilə bağlı sertifikatı nazirliyə təqdim edib: "Əlbəttə, biz bununla kifayətlənmirik. Digər ərazilərimizin də UNESCO-nun təbii irs siyahılarına salınması nəzərdə tutulub. Onlardan biri də Abşeron palçıq vulkanlarıdır".
V.Kərimov Hirkan Dövlət Təbiət Yasaqlığının bazasında milli park yaradılmasından sonra ərazinin iki dəfə artırılmasının, infrastrukturunun genişlənməsinin həm yerli, həm də xarici turistlərin marağının artmasına səbəb olduğunu və burada keçirilən tədbirlərin miqyasının, əhatə dairəsinin genişləndiyini qeyd edib: "Flora və faunasına görə dünyanın ən zəngin endemizminə malik Hirkan Milli Parkı Qafqazda üçüncü buzlaşma dövrünü keçirməyən iki ərazidən biridir. Azərbaycanın cənubu ilə İranın bir hissəsini əhatə edən Hirkan meşə ərazisi, eləcə də Gürcüstanla Azərbaycanın sərhəd ərazisində yerləşən Kolxida ərazisi öz flora – fauna növlərinin zənginliyi, endemikliyi ilə Qafqazla yanaşı, dünyanın ən zəngin, ən maraqlı bölgəsi hesab olunur. Məhz bu baxımdan da naturalistlər, botaniklər, zooloqlar üçün ən yaxşı tədqiqat obyekti hesab olunur".