Yuxarı

Naxçıvanda bəbir balalarının fotoşəkili qeydə alınıb

Son illər ərzində Muxtar Respublikada 7 bəbir müşahidə olunub, onlardan 4-ü erkək, 1-i dişi, 2-si isə baladır

Bakı. 4 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında Həsən Əliyev adına Zəngəzur Milli Parkında 2016-cı ilin yay aylarında bəbir balalarının fotoşəkili qeydə alınıb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, fotoları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) beynəlxalq ekoloji kampaniyası Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə birgə bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdiyi layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə əldə etmək mümkün olub.

Nazirlikdən bildirilib ki, mütəxəssislər son 5 ildə Qafqaz bəbirlərinin Azərbaycan ərazisində öz areallarına qayıtması prosesinin intensivləşdiyi qənaətindədir: "Buna qədər yeni bəbir fərdlərinin görüntüləri 2012-ci ilin sentyabrında, 2013-cü ilin fevral-mart aylarında, 2014-cü ilin yanvar və 2015-ci ilin noyabr ayında Həsən Əliyev adına Zəngəzur Milli Parkında, 2012-ci ilin oktyabrında və 2013-cü ilin may ayında isə Hirkan Milli Parkında qeydə alınıb. Son illər ərzində Naxçıvanda 7 bəbir müşahidə olunub, onlardan 4-ü erkək, 1-i dişi, 2-si isə baladı".

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İDEA beynəlxalq ekoloji kampaniyasının dəstəyi, Ümumdünya Təbiəti Mühafizə Fondu ilə birgə həyata keçirilən bəbirlərin populyasiyasının bərpası layihəsi öz nəticələrini verir. Aparılan monitorinqlər nəticəsində bəbirin demək olar ki, ölkədə yaşadığı bütün areallarında fotoşəkilləri çəkilib. Nəticədə ölkənin müxtəlif areallarında bəbirlərin sayında artım müşahidə olunaraq davamlı populyasiyasının yarandığı faktlarla sübuta yetirilib.

Mütəxəssislərin rəyinə görə, Azərbaycan təbiətinin nadir heyvan növlərinin öz areallarına qayıtması prosesi heç də təsadüfi xarakter daşımır. 2000-ci illərin əvvəlinə kimi respublikada bəbirin mövcudluğu barədə ciddi elmi məlumat olmayıb. Lakin son 16 ilin tədqiqatları Azərbaycanda bəbir populyasiyalarını 3 ərazidə Hirkan meşələri, Naxçıvan MR ərazisi və Mingəçevir su anbarının ətrafındakı arid landşaftlarda müəyyən etməyə imkan verib.

Son bir neçə ildə artıq dəfələrlə qeydə alınan nadir fauna növlərinin görüntüləri faktı ölkə başçısının ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi ardıcıl siyasətin məntiqi nəticəsi, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA beynəlxalq ekoloji kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın son illər Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı çərçivəsində gördüyü işlərin bəhrəsidir. Eyni zamanda xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsindən, intensiv ekoloji maarifləndirmə işlərinin aparılmasından və nəticə etibarilə bəbirin yaşaması, çoxalması, onun qida obyektləri olan iri dırnaqlı heyvanların (bezoar keçi, muflon və s.) sayının artması üçün vacib olan təhlükəsiz şəraitdən xəbər verir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi